Həştərxanda 20 Yanvar faciəsi ilə əlaqədar anma mərasimi
Bakı, 21 yanvar (AZƏRTAC). Rusiya Federasiyasının Həştərxan şəhərində 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önündə anma mərasimi keçirilmişdir.
Mərasimdə soydaşlarımız, aparıcı diaspor təşkilatlarının rəhbərləri və fəalları, ali təhsil ocaqlarında oxuyan azərbaycanlı tələbələr, ictimaiyyət nümayəndələri, Bakı şəhəri Nərimanov rayon İcra hakimiyyətinin əməkdaşları iştirak etmişlər.
Xalqımızın azadlığı uğrunda həyatlarını qurban vermiş qəhrəman oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra mərasim iştirakçılarına 20 Yanvar hadisələrinin başvermə səbəbləri, xalqımıza qarşı törədilmiş bu qanlı faciə haqqında geniş məlumat verilmiş, həmin günün Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsi olduğu vurğulanmışdır.
Çıxış edənlər xalqımızın ümummilli lideri Heydər Əliyevin 20 Yanvar qırğınından dərhal sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək bu cinayəti törədən sovet imperiyasının, Kommunist Partiyasının rəhbərliyini ittiham etməsinin tarixi əhəmiyyətindən bəhs etmişlər. Vurğulanmışdır ki, xalqımıza qarşı törədilən bu cinayətin əsl qiyməti də məhz sonralar ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə verilmişdir.
Sonda mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirərək abidənin önünə əklillər, gül dəstələri qoymuşlar.
######
