HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ QƏLBİNDƏ ÖZÜNƏ ƏBƏDİ ABİDƏ YARATMIŞDIR
Milli Məclis deputatlarının təxminən yarısı çıxış edərək bu məsələ barədə öz təkliflərini, fikir və mülahizələrini bildirdi. Onlar qeyd etdilər ki, Azərbaycan parlamenti bu gün hamının qəlbindən xəbər verən çox mühüm bir məsələni müzakirə edir. Bu, təkcə Milli Məclisin deyil, bütövlükdə Azərbaycan xalqının, Heydər Əliyevi sevən hər bir insanın arzusu, istəyidir. Deputatlar onu da vurğuladılar ki, Heydər Əliyevin Azərbaycanın hər yerində misilsiz xidmətləri vardır. Hər kəsin qəlbində bir Heydər Əliyev obrazı yaranmışdır. Onun həyatı mənsub olduğu millətlə, dövlətlə bağlıdır.
Deputatlar ümummilli liderimizə Milli Parkda və ya Bakının ən uca yerində memarlıq baxımından son dərəcə orijinal abidə qoyulmasını təklif etdilər. Heydər Əliyevin xatirəsini əbədiləşdirmək məqsədi ilə Dövlət Komissiyasının yaradılmasını ürəkdən bəyəndiklərini bildirən deputatlar Bakı Beynəlxalq Hava Limanına, Bakı Metropoliteninə, Ali məktəblərə, böyük idman komplekslərinə ümummilli liderimizin adını vermək, Heydər Əliyev adına beynəlxalq və dövlət mükafatları, orden və medallar təsis etmək, mavzoley yaratmaq və s. təkliflər irəli sürdülər. Çıxış edənlər onu da bildirdilər ki, möhtərəm Heydər Əliyevin xatirəsini əbədiləşdirməyin ən yaxşı yollarından biri cəmiyyətin birliyini təmin etmək, hakimiyyət uğrunda qeyri-demokratik mübarizə üsullarından əl çəkmək, onun qurub-yaratdığı hüquqi, demokratik, sivil Azərbaycan dövlətini daha da inkişaf etdirmək olardı.
Deputatlar Azərbaycan Milli Elmlər Akademiyası sistemində Heydər Əliyevin irsini öyrənib tədqiq etmək məqsədi ilə mərkəz yaratmağı da məqsədəuyğun hesab etdilər. Qeyd olundu ki, möhtərəm Heydər Əliyev haqqında İnternetdə 4-5 xarici dildə sayt açmaq, onun nitqlərini, çıxış və müsahibələrini, həyatı və yaradıcılığı barədə video və foto sənədləri həmin sayta daxil etmək də Prezident Heydər Əliyevin unudulmaz xatirəsinin əbədiləşdirilməsinə xidmət edər.
Milli Məclis ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsini əbədiləşdirmək barədə təkliflərin müzakirəsini növbəti iclaslarında davam etdirəcəkdir.