HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT EDƏNLƏRİN SAYI AZALMIR
Dekabrın 24-də ziyarətə gələnlərin arasında məktəblilər daha çox idi. Onlar ehtiramla məzarın üzərinə gül dəstələri qoyub böyüklərsayağı “Allah rəhmət eləsin!” pıçıldayaraq keçib gedirdilər.
AZƏRTAC-ın müxbiri belə qruplardan birinə yaxınlaşıb hansı məktəbin şagirdləri olduqları ilə maraqlanmışdır. Bakı şəhərindəki 36 nömrəli orta məktəbin IX sinif şagirdləri Azərbaycan dili və ədəbiyyatı müəllimi Lyudmila Kərimova ilə birlikdə gəlmişdilər.
LYUDMİLA KƏRİMOVANIN dediklərindən: Dahi rəhbərimizin həyatı məktəblilər üçün örnəkdir. Bu gün uşaqlar xalqımızın böyük oğlunun ruhuna məhəbbət əlaməti olaraq buraya gəlmişlər. Heydər Əliyev nəhəng şəxsiyyətdir. Onun əsl dəyərini tarix verəcək. Biz müəllimlərin borcu gənc nəsli onun tövsiyələri əsasında tərbiyə etməkdir. Allah rəhmət eləsin!
VƏLİ İSMAYILOV (professor): İqtisadçıyam. İndicə böyük insanın məzarının önündən keçəndə bir anlıq Azərbaycan iqtisadiyyatı üçün onun gördüyü işlər xəyalımda canlandı. Ruhuna dua oxumaqla bərabər, qəlbimdə təşəkkür duyğuları da oyandı. Respublikaya rəhbərlik etdiyi 70-ci illərdə onun Azərbaycanın şəhər və rayonlarını, qəsəbə və kəndlərini yenidən qurmasını xatırladanda opponentlər dərhal deyirlər ki, o zaman vəsaiti Mərkəz ayırırdı və tikməyi tələb edirdi. Yaxşı, o, bu vəzifəyə təyin olunana qədər Mərkəz yox idimi?! Yoxsa Bakı kondisionerlər zavodunu və digər nəhəng müəssisələri “yuxarıdan” yalvarıb bizə verirdilər, yaxud ayrı-ayrı sahələrin inkişafına dair partiya və hökumət qərarlarI qaş-gözümüzün qaralığına görə qəbul edilirdi?! Xeyr, həmin qərarlar Heydər Əliyevin qətiyyəti, dəmir məntiqi sayəsində qəbul edilib həyata keçirilirdi. Təftişçilərə bir sualım da var: Mərkəzsiz on il ərzində Azərbaycan iqtisadiyyatının inkişafını nə ilə izah edərdiniz? Özü də bu uğur müharibə səraitində, bir iqtisadi formasiyadan digərinə keçid şəraitində qazanılmışdır. Səbəbi fenomenal şəxsiyyətin zəkasında, müdrikliyində axtarmaq lazımdır. Hələ mən onun həyata keçirdiyi islahatları demirəm. Yəqin ki, gələcəkdə bu barədə sanballı tədqiqat əsərləri yazılacaqdır.
AĞAMİRZƏ İSAYEV (Bakı sakini): Vaxtilə tikintidə çalışmışam. Başa çatdırdığımız obyektlərin bir çoxunun açılışında Heydər Əliyev özü iştirak etmişdir. Mən qətiyyətlə deyirəm ki, Bakının dünya şəhərləri sırasında yer tutması möhtərəm Heydər Əliyevin xidmətidir. Mən onun xidmətlərini sadalamaq üçün ona layiq söz tapmıram. Ümumiyyətlə, onun barəsində söz demək çətindir. Doğrudur, bir çoxları “dahi”, “dünya şöhrətli” və sair təşbehlər işlədirlər, ancaq bunların heç biri Heydər Əliyev zirvəsinə çatmır. Deyirlər ki, belə şəxsiyyətlər yüz ildən bir doğulur. İnanmıram. Çünki o, qeyri-adi insan idi. Əqli cəhətdən də, fiziki cəhətdən də. Ona görə deyirəm ki, təşbehlər acizdir. Heydər Əliyev şəxsiyyəti öz tədqiqatçılarını gözləyir.
Həmin gün də Fəxri xiyabana insan axını gecədən xeyli keçənədək davam etmişdir.