Hidayət Heydərov: “Böyük dəbilqə” turnirində hədəfim qızıl medal idi
Bakı, 6 noyabr, AZƏRTAC
Bakıda keçirilən “Böyük dəbilqə” turnirində hədəfim qızıl medal idi. Vətən müharibəsində qazanılan tarixi Qələbənin birinci ildönümü ərəfəsinə təsadüf edən bu yarışda yüksək səviyyədə çıxış etmək istəyirdim. Təəssüf ki, ikinci görüşdə bəzi səhvlərim ucbatından uduzdum. Turnirdə güclü cüdoçular mübarizə aparır. Sevinirəm ki, mükafatçılar sırasında yer almağı bacardım.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal qazanan Hidayət Heydərov deyib.
Cüdoçu son 40 gündə ardıcıl 3-cü turnirdə mükafat qazandığını da bildirib. O, Xorvatiyada Qran-Pri turnirində qızıl medal, Parisdə “Böyük dəbilqə” yarışında isə bürünc medal əldə etdiyini vurğulayıb.
Hidayət Heydərov qeyd edib ki, bürünc medalın əldə edilməsində hazırkı məşqçi heyətinin xüsusi rolu var: “Yeni məşqçi heyəti bizimlə çox effektiv işləyir. Biz də öz növbəmizdə onların ümidlərini doğrultmağa çalışırıq. Bu yarışa ciddi hazırlaşmışdım. Turnirin bürünc medalını əldə etməyimdə məşqçilərimin böyük rolu oldu”.
Qeyd edək ki, Bakıda keçirilən “Böyük dəbilqə” turnirində Hidayət Heydərovdan başqa, təmsilçilərimiz Orxan Səfərov (66 kq) qızıl, İçinxorloo Muntsxedev (57 kq) gümüş, Rövşən Əliyev (60 kq) və Elcan Hacıyev bürünc medal qazanıblar.
Heydər Əliyev adına İdman Kompleksində təşkil olunan “Böyük dəbilqə” turnirinə noyabrın 7-də yekun vurulacaq. İyirmi doqquz ölkədən 200-ə yaxın cüdoçunun iştirak etdiyi mötəbər yarışda Azərbaycan geniş heyətlə - 33 cüdoçu ilə təmsil olunur.