İctimai Birliyin sədri: Laçın-Xankəndi yolundakı aksiya gənclərimizin aparıcı qüvvə olduğunu göstərir
Bakı, 14 yanvar, AZƏRTAC
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə ermənilər tərəfindən faydalı qazıntı yataqlarımızın qanunsuz istismarı ekoloji cinayətdir. Bu gün 34-cü gündür ki, ekofəallar və vətəndaş cəmiyyətinin üzvləri - Azərbaycanın gənc könüllüləri qarlı-şaxtalı hava şəraitinə baxmayaraq, qanunsuz istismar və talana etirazlarını bildirir, ekoloji terrora son qoyulmasını tələb edirlər. Sevindirici haldır ki, artıq bir aydan çoxdur Laçın-Xankəndi yolunda davam edən aksiyaya qoşulan gənclərin sayı hər gün artmaqdadır.
Bunu “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Leyla Zeynalova AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
“İlk gündən prosesə maksimum dəstək göstərən, hər zaman gənclərimizə vətənpərvərlik hissini, daim Vətənin tərəqqisi üçün çalışmaq və həmrəy olmağı aşılayan birlik olaraq bir daha əminliklə deyə bilərik ki, Azərbaycan gəncləri ölkəmiz üçün əhəmiyyətli olan bütün proseslərin aparıcı qüvvəsi, dəstəkçisidir.
Laçın-Xankəndi yolunda davam edən haqlı etiraz aksiyamızı müxtəlif xarici media qurumları ictimaiyyətə dezinformasiya olaraq yaymağa çalışırlar. Bu proses dinc aksiyadır, əsas tələbimiz isə sadəcə ekoloji terrora son qoyulması, Xankəndidə olan təbii sərvətlərimizin qanunsuz talanmasının qarşısının alınmasıdır”, - deyə Leyla Zeynalova vurğulayıb.
İctimai Birliyin sədri söyləyib ki, dinc aksiyanın aparıcı qüvvəsi olan gənclərimiz mövqelərində qətidirlər, ən aktiv şəkildə haqlı tələblərini irəli sürürlər. Xüsusi olaraq qeyd etməliyəm ki, dövlətimizin başçısı aksiya iştirakçılarına dəstək olaraq müsahibə zamanı qeyd etdiyi “İlk növbədə, o gənclərə “Eşq olsun!” demək istəyirəm, onlar bizim fəxrimizdir. Qeyd etdiyiniz kimi, gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər” sözləri gənclərimizi daha da ruhlandırıb.