“İdman elmində innovasiyalar” mövzusunda beynəlxalq konfrans işə başlayıb
Bakı, 3 noyabr, AZƏRTAC
Noyabrın 3-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTIA) “İdman elmində innovasiyalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans işə başlayıb.
ADBTİA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onlayn qaydada keçirilən konfrans 8 Noyabr - Zəfər Gününə həsr olunub. Noyabrın 4-dək davam edəcək tədbirin məqsədi idmanda qarşıya çıxan müxtəlif problemləri müzakirə etmək, idmanın inkişaf tendensiyalarını, innovativ idman layihələrini müəyyən etmək üçün elmi işçilərin və mütəxəssislərin səylərini birləşdirməkdir.
Konfrans işini “İdmançıların hazırlıq sisteminin təkmilləşdirilməsi”, “Bədən tərbiyəsində kütləvilik və sağlam həyat tərzinin formalaşdırılması” və “Bədən tərbiyəsi və idman fəaliyyətinin təşkili” bölmələrində iclaslarında davam etdirəcək.
Tədbirin materialları ADBTİA-nın “Elmi xəbərlər” jurnalında dərc ediləcək.