“İKT-də Qızlar Günü” münasibətilə tədbir təşkil edilib





Bakı, 24 aprel, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının dəstəyi ilə “Rəqəmsal qızlar” adlı tədbir keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbir bu gün qeyd olunan beynəlxalq “İKT-də Qızlar Günü” münasibətilə təşkil edilib.
Təşəbbüsün əsas məqsədi 10-15 yaş arası qızların informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsindəki maraq və potensiallarını kəşf etmələrinə dəstək vermək, onları bu istiqamətdə təhsil almağa və karyera qurmağa təşviq etmək olub.
Tədbirdə iştirak edən 60 məktəbli qız İKT sahəsinə dair bilik və bacarıqlarını artırmaq imkanı qazanıb, həmçinin gələcək peşə seçimləri ilə bağlı faydalı məlumatlarla tanış olublar.
Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının təsis etdiyi “İKT-də Qızlar Günü” hər il aprel ayının dördüncü cümə axşamı qeyd olunur. Məqsəd qızların texnologiya sahəsinə marağını gücləndirmək və onları bu sektorda aktiv iştiraka təşviq etməkdir.