İlk dəfə keçiriləcək “CIDC-2023” tədbirində 8 startap təqdim olunacaq
Bakı, 24 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə bu il oktyabrın 26-27-də Bakı Konqres Mərkəzində keçiriləcək “Critical Infrastructure Defence Challenge 2023” (“CIDC-2023”) tədbirində 8 startap təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbirinə həsr olunmuş mətbuat konfransında XRİTDX-nin idarə rəisi Tural Məmmədov deyib.
O qeyd edib ki, “CIDC-2023” sahə üzrə yerli və xarici şirkətləri, dövlət və özəl sektorları, tələbə və ekspertləri bir araya toplayacaq.
Tədbir çərçivəsində Azərbaycanda ilk dəfə kritik informasiya sistemlərində kiberhücumlardan müdafiə qabiliyyətinin və böhran vəziyyətlərində informasiya sistemlərinin idarəedilməsinin inkişaf etdirilməsi məqsədilə “Kibermüharibə” yarışı keçiriləcək. İştirak edən komandalar kiberhücumların simulyasiyası ilə həyata keçiriləcək yarışda virtual informasiya sistemlərinin təhlükəsizliyini təmin etməli olacaqlar.