İlqar Rəhimov: Paralimpiyaçılarımiz ruhdan düşməməli və daha da ciddi hazırlaşmalıdırlar
Bakı, 25 mart, AZƏRTAC
"Tokio-2020" Yay Olimpiya və Paralimpiya oyunları 2021-ci ilə keçirilib. Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) tərəfindən komandaların üzvlərinin sağlamlıqlarının qorunması və təhlükəsizliyi, idmançıların hazırlıq formalarının yüksək səviyyədə saxlanması, maddi-texniki bazanın gücləndirilməsi, ölkədaxili keçirilən tədbir və yarışların vaxtının dəyişdirilməsi, idman növləri üzrə təlim-məşq toplantılarının təşkili və komitənin ümumi fəaliyyəti ilə bağlı əvvəlki tədbirlər planına dəyişiklər edilib və bu barədə komitə prezidenti tərəfindən müvafiq əmr imzalanıb.
AMPK-dan AZƏRTAC-a bildiriblər ki, tədbirlər planına əsasən, 2021-ci ildə keçiriləcək Yay Paralimpiya Oyunlarına qalan müddətdə yenilənmiş fəaliyyət planına uyğun olaraq işlər davam etdiriləcək. Belə ki, milli komandanın bütün üzvləri karantin müddəti ərzində fiziki formada qalmaları üçün baş və şəxsi məşqçilərin tövsiyələrinə uyğun olaraq, məşqləri evdə davam etdirməlidir. Paralimpiya Oyunlarına hazırlıqların səmərəli keçirilməsi və yeni idman növlərinin inkişafı üçün tələb olunan idman ləvazimatı və avadanlıqlarla təmin olunması məqsədilə maddi-texniki baza gücləndiriləcək.
Karantin müddətində idmançıların səhhəti öncədən yoxlanılıb testdən keçirildikdən sonra xüsusi şəraitdə, nəzarət altında təlim-məşq toplantılarının davam etdirilməsi imkanları araşdırılacaq.
Karantin müddəti bitdikdən sonra ölkə daxilində idman növləri üzrə təlim-məşq toplanışları təşkil ediləcək. İdman növləri üzrə baş məşqçilərə, xüsusən Paralimpiya Oyunlarında iştirakı ehtimal olunan idman növləri üzrə baş məşqçilər yeni təlim-məşq toplanışlarının proqramını hazırlayacaqlar.
Mayın 12-13-də Bakıda keçirilməsi təxirə salınan paracüdo üzrə dünya kubokunun və ölkədaxili digər yarışların yeni tarixləri müəyyən ediləcək.
Həmçinin Yaponiyanın Şika şəhərində avqustun 10-18-da təşkili nəzərdə tutulan hazırlıq prosesi başqa tarixdə keçiriləcək.
AMPK-nın prezidenti İlqar Rəhimov deyib: “Paralimpiyaçıların bir araya gəlməsi və bu çətin vaxtda biri-birlərinə dəstək olmaları çox vacibdir. Onlar ruhdan düşməməli və daha da ciddi hazırlaşmalıdırlar. Azərbaycan Prezidenti İlham Əliyevin pandemiyanın ölkəmizdə tezliklə səngiməsi üçün verdiyi tapşırıqlara əsasən hökumət bütün lazımi tədbirləri görür. Bizim vəzifəmiz isə Paralimpiya Komitəsi olaraq işimizi davam etdirmək, oyunlara hazırlıq imkanlarını artırmaq və Paralimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil etməkdir”.