MƏDƏNİYYƏT
İlya Umanski: Azərbaycan Rusiyadan səyahət turizmini inkişaf etdirmək üçün böyük potensiala malikdir
Moskva, 4 mart (AZƏRTAC). Rusiya Turizm Sənayesi İttifaqının “RATA news” gündəlik elektron qəzetində “Rusiyadan Azərbaycana turizm axını böyük deyil, lakin hər il 30 faiz artır” sərlövhəli məqalə dərc olunmuşdur. Natalya Panfyorovanın məqaləsində deyilir ki, “Utair” aviaşirkəti martın 6-dan etibarən Kazan-Bakı-Kazan yeni beynəlxalq reys açır. Uçuşlar həftədə bir dəfə olacaq. Bir tərəfə biletin qiyməti isə 129 avrodur. Bu, Tatarıstan paytaxtından Bakıya uçuşlar təşkil edən yeganə aviaşirkət deyildir. “AK Bars Aero” da həftəlik uçuşlar həyata keçirir.
“Jarkov-tur” şirkətinin baş direktoru Andrey Jarkovun sözlərinə görə, hazırda Rusiyadan keçmiş sovet respublikalarına səyahət üzrə üç lider ölkə sırasına Gürcüstan, Özbəkistan və bu yaxınlarda Ermənistanın üçüncü yerdən sıxışdırıb çıxarmış Azərbaycan daxildir. Turistlər ilk növbədə dinamik inkişaf edən Bakıya həftə sonu istirahətinə gedirlər. Bakıya və koloritli qədim Şəkiyə 5 günlük ekskursiya turundan daha çox istifadə olunur. Rusiyalıların böyük maraq göstərdikləri üçüncü yer Naxçıvandır.
Azərbaycan keyfiyyətli sanatoriya-kurort müalicəsi təklif edir. Nadir müalicəvi xüsusiyyətlərə malik Naftalan neftinin çıxarıldığı Naftalan şəhərindəki “Çinar” sanatoriyası və Naxçıvandakı “Duzdağ” Fizioterapiya Mərkəzi rusiyalılar arasında çox populyardır.
“Alean” şirkətinin baş direktoru İlya Umanski də Naftalan nefti ilə müalicəyə tələbatdan danışaraq əlavə etmişdir ki, Naftalana əsasən Azərbaycana yaxın olan regionlardan gedirlər. Həmin regionlardan rahat gediş-gəliş təşkil edilmişdir. Aviadaşımanın olmaması və ya onun məhdud çərçivədə olması tur seçimində həmişə əsas rol oynayır. Ona görə də Kazandan yeni reys sayəsində Azərbaycana turistlərin sayı artacaqdır. O, öz firmasının təcrübəsindən bilir ki, bu istiqamətdə tələbat hər il 30 faiz artır. İ.Umanski hesab edir ki, Azərbaycan Rusiyadan səyahət turizmini inkişaf etdirmək üçün böyük potensiala malikdir. Çünki bütün il boyu ekskursiya və müalicə kursları təklif edir.
Fəridə Abdullayeva
AZƏRTAC –ın xüsusi müxbiri
Moskva