İməciliklərdə meyvə bağlarına və yaşıllıqlara qulluq göstərilib
Naxçıvan, 16 avqust (AZƏRTAC). Naxçıvan Muxtar Respublikasının bütün bölgələrində yaşıllaşdırma işləri geniş vüsət alıb. Hər il yeni meyvə bağları, meşə zolaqları salınır, təbiətin zənginləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Havaların isti keçdiyi bu günlərdə isə meyvə bağlarına və yaşıllıq zolaqlarına aqrotexniki qaydada qulluq göstərmək, ağacları vaxtlı-vaxtında suvarmaq mühüm əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 16-da muxtar respublikada ictimaiyyətin nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivləri iməciliyə çıxıb, ötən iməciliklər dövründə salınmış yaşıllıq zolaqlarına qulluq göstəriblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin ətrafında keçirilən iməcilikdə iştirak ediblər.
Beş hektarlıq ərazidə payız və yaz əkini mövsümündə yerli şəraitə uyğun 6 mindən artıq meyvə tingi əkilib. İməcilik zamanı ərazi suvarılıb, ağaclara qulluq göstərilib, təmizlik işləri aparılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, isti yay günlərində suvarma tədbirlərinin davam etdirilməsi və becərmə işlərinin aparılması barədə müvafiq tapşırıqlar verib.