İncəsənət məktəbinin şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıblar
Bakı, 21 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin şagirdləri beynəlxalq müsabiqələrdə nailiyyətlər əldə etməyə davam edirlər.
İdarədən AZƏRTAC-a bildirilib ki, məktəbin müəllimi Kəmalə Novruzbəyovanın sinfində qarmon ixtisası üzrə təhsil alan şagirdlər Sabir Quliyev və Rəşidə Ağayeva Türkiyədə keçirilən “Birinci Ulusal Akordeon və Körüklü çalgılar” onlayn müsabiqədə uğur qazanıblar.
Müsabiqə müxtəlif nominasiyalarda fərqi yaş qrupları üzrə keçirilib. Müsabiqədə 14-18 yaş qrupunda “Orkestr" kateqoriyası üzrə Sabir Quliyevin çıxışı münsiflər tərəfindən yüksək qiymətləndirilərək I yerə, Rəşidə Ağayeva isə II yerə layiq görülüb. Şagirdləri məktəbin konsertmeysterləri fortepianoda Şəlalə Qəhrəmanova və nağarada Cəfər Həsənov müşayiət edib.