İndoneziyanın PoliMedia Universitetində 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi anılmışdır
Bakı, 19 yanvar (AZƏRTAC). Azərbaycanın İndoneziya və eyni zamanda Filippindəki səfiri İbrahim Hacıyev İndoneziyanın PoliMedia Universitetində “20 Yanvar - müstəqillik uğrunda mübarizənin qələbəsi” mövzusunda çıxış etmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın müstəqilliyinin bərpasında ümumxalq qəhrəmanlığının müstəsna rolundan danışan səfir 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının yeni qəhrəmanlıq salnaməsini yazdığını diqqətə çatdırmışdır. Diplomat azadlıq hərəkatının qarşısını almaq məqsədilə sovet rəhbərliyi tərəfindən Bakıya yeridilmiş ordunun 130 nəfər dinc sakini qətlə yetirdiyini, 700 nəfəri yaraladığını, minlərlə insanın itkin düşdüyünü, lakin Azərbaycan xalqının iradəsini və əzmini qıra bilmədiyini qeyd etmişdir.
Səfir sovet hərbi təcavüzü nəticəsində törədilmiş faciənin beynəlxalq birliyə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolunu vurğulamışdır.
İ.Hacıyev Ermənistanın ölkəmizə hərbi təcavüzünə toxunaraq Azərbaycanın Dağlıq Qarabağ və yeddi ətraf rayonunun müvəqqəti olaraq erməni işğalı altında olduğunu, nəticədə bir milyondan artıq azərbaycanlının doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkün vəziyyətində yaşadığını diqqətə çatdırmışdır.
Səfir Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəklədiyinə görə İndoneziya hökumətinə və xalqına minnətdarlığını bildirmişdir.
İ.Hacıyev son illərdə Azərbaycanın inkişafının, regionda aparıcı dövlətə, dünya enerji təhlükəsizliyini təmin edən ölkələrdən birinə çevrilməsinin Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olduğunu vurğulamışdır.
Tədbirdə 20 Yanvar faciəsini əks etdirən foto-slaydlar nümayiş etdirilmişdir.
Səfirliyin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti və turizm potensialı barədə hazırladığı kitablar təhsil ocağının rəhbərliyinə və kitabxanasına hədiyyə edilmişdir.
######
