İndoneziyanın Respublika Radiosu Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı məqalə yayıb
Cakarta, 24 fevral, AZƏRTAC
İndoneziyanın Respublika Radiosunun internet səhifəsində Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı məqalə yayılıb.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Xocalı soyqırımı ilə bağlı İndoneziyanın mövqeyini yüksək qiymətləndirir” adlı məqalədə hər il fevralın 26-da Azərbaycan xalqının Xocalı soyqırımını yad etdiyi və 613 nəfərin, o cümlədən uşaqların, qadınların və yaşlıların ölümü ilə nəticələnən bu faciənin İndoneziya tərəfindən soyqırımı hesab edildiyi qeyd olunub.
Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyevin Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videokonfrans zamanı etdiyi çıxışına istinad edilərək, 2017-ci və 2020-ci illərdə İndoneziya parlamentinin üzvləri tərəfindən Xocalı soyqırımı ilə bağlı ölkəmizin mövqeyini dəstəkləyən bəyanat verildiyi qeyd edilib. Vurğulanıb ki, hazırda da bu soyqırımın daha geniş şəkildə tanınması istiqamətində səfirlik tərəfindən müvafiq iş davam etdirilir.
Bununla yanaşı, ötən il İkinci Qarabağ müharibəsi zamanı İndoneziya nümayəndələr palatasının parlamentlərarası əməkdaşlıq komitəsinin Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı nümayiş etdirdiyi dəstəkdən bəhs edilib.
Yazıda 1992-cı il fevralın 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı və buna qədər olan siyasi və hərbi proseslərə, o cümlədən əsrlər boyu Azərbaycan torpaqlarına qarşı iddialar irəli sürmüş Ermənistanın 1988-ci ildən başlayaraq Dağlıq Qarabağ bölgəsini ilhaq etmə planları və Ermənistan-Azərbaycan münaqişəsinə dair geniş məlumat verilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta