İndoneziyanın səfiri: Pençak-silat idmanı Azərbaycanda sürətlə inkişaf edir
Bakı, 8 aprel, AZƏRTAC
Əvvəllər Azərbaycanda olmamışdım. Ölkənizə səfir təyin olunanda çox sevindim. Səfir vəzifəsinə təyin edilməmişdən əvvəl İndoneziya parlamentinin nümayəndələr palatasının üzvü idim. Bu müddətdə Azərbaycanın mədəniyyəti, mətbəxi, insanları, idmanı haqqında çox eşitmişdim.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İndoneziyanın Azərbaycanda yeni təyin olunan səfiri Hüsnan Bəy Fanani deyib.
İki həftədən artıqdır Azərbaycanda olduğunu vurğulayan Hüsnan Bəy Fanani deyib: “Bu müddətdə Bakı ətrafında və “Şahdağ” turizm kompleksində olmuşam. İlk növbədə əsas vəzifəm Azərbaycan ilə İndoneziya arasında əlaqələrin genişləndirilməsinə töhfə verməkdir. Əlaqələrimizin müxtəlif, o cümlədən siyasət, iqtisadiyyat, mədəniyyət, xüsusilə idman sahələrində inkişafı üçün geniş imkanlar var”.
İdmançı olduğunu diqqətə çatdıran səfir üzgüçülük və pençak-silat növlərində nailiyyətlər qazandığını vurğulayıb. “İki oğlum var və hər ikisi idmanın bu növü ilə məşğul olur. Onlardan biri hətta çempion olub. Hələ gənc yaşlarımda olarkən eşitmişdim ki, Azərbaycan keçmiş SSRİ-də xüsusilə boks və güləş üzrə güclü idman ölkələrindən olub. Yadımdadır ki, mən gənc olanda İndoneziyada Asiya çempionatı keçirilirdi və orada Azərbaycan boksçusu qızıl medal qazanmışdı”, - deyə Hüsnan Bəy Fanani söyləyib.
İndoneziyada pençak-silatın təkcə idman kimi deyil, incəsənət və yaşam tərzi olaraq da geniş yayıldığını qeyd edən diplomat bildirib ki, ölkəsində kiçik yaşda uşaqlara belə bu idman növü öyrədilir. Ölkəmizdə idmanın bu növü çox inkişaf edib. Demək olar ki, hamı bu idmanla məşğul olur. Azərbaycan idmançılarının məşğul olduğu pençak-silat ümumilikdə İndoneziyadakı kimidir. Ancaq müəyyən nüanslarda fərq var ki, onlar məhz sizin idmançılarınıza xas olan hərəkətlərdir. Mən bunu çox təqdirəlayiq hesab edirəm.
Pençak-silatın 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının proqramına daxil edilməsinin onun arzusu olduğunu vurğulayan Hüsnan Bəy Fanani bildirib: “Bu Oyunların keçirilməsində əsas məqsəd İslam ölkələri arasında əlaqələrin genişləndirilməsidir. Mən fəxr edirəm ki, Azərbaycanda pençak-silat idman növü inkişaf edir. Ölkənizdə idmanın bu növünün inkişafına dəstək olmaq üçün mən də əlimdən gələni edəcəyəm. Çünki pençak-silat idman növü İndoneziyanı təbliğ edir. Ona görə də İndoneziyadan məşqçi, idmançı dəvət edilsə, düşünürəm ki, çox faydalı olar”.
Qeyd edək ki, aprelin 30-dan mayın 1-dək “Sərhədçi” İdman Olimpiya Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş pençak-silat üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək. Yarışda Azərbaycanın bütün regionlarından 450-dək idmançının iştirakı gözlənilir.
Bu barədə düşüncələrini bölüşən səfir Azərbaycan Pençak-silat Federasiyasında olduğunu və qurumun respublikanın idman həyatında kifayət qədər fəallıq göstərdiyini vurğulayıb. Səfir deyib ki, keçirdiyi yüksək səviyyəli yarışlar və təşkil etməyə hazırlaşdığı çempionatlar, beynəlxalq turnirlərdə qazandığı uğurlar Azərbaycan Pençak-silat Federasiyasının idman ictimaiyyətinin diqqət mərkəzində qalmasını təmin edir. İdmanın bu növü dəfələrlə Asiya Oyunlarının proqramına salınıb. Ümumiyyətlə, bu idman növünə Asiya ölkələrində, xüsusilə də vətəni İndoneziyada böyük maraq var. Ölkə rəsmiləri də bu sahəyə xüsusi diqqət yetirir və dünyada fəaliyyət göstərən federasiyalarla sıx əməkdaşlıq qururlar.
Azərbaycan Pençak-silat Federasiyasının vitse-prezidenti Nahid Şəmşirov ilə görüşdüyünü vurğulayan səfir deyib: “Federasiyanın İndoneziyada yerləşən mərkəzi qurumlarla əlaqələrinin daha da inkişaf etdirilməsi çox səmərəli olar. Nahid Şəmşirov qarşıya qoyulan vəzifələr, qazanılan uğurlar haqqında mənə dolğun məlumat verib. Ölkənizdə idmanın bu növünün parlaq gələcəyi var. İdmançıların məşqlərinə baxmışam və onlardan razı qaldım”.