İnstitutda “Xocalı soyqırımı: tarix unudulmur” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir
Bakı, 26 fevral (AZƏRTAC). Fevralın 25-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımı: tarix unudulmur” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə dövlət himni səsləndirilmiş və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
İnstitutun rektoru, professor Asəf Zamanov Xocalı faciəsnin səbəblərindən və ağır nəticələrindən danışmışdır. Bildirmişdir ki, XX əsrin sonlarında baş vermiş qanlı Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir.
Natiq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” Beynəlxalq kampaniyası haqqında ətraflı məlumat vermişdir.
Tədbirdə digər çıxış edənlər də Xocalı faciəsinin Azərbaycan xalqını sarsıtdığını, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurduğunu söyləmişlər.
Sonra institutun Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə rayon ərazisində fəaliyyət göstərən orta məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirdiyi Xocalı faciəsinə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.
Tədbirdə 309 nömrəli məktəbin şagirdləri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.