İordaniyada Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı silsilə tədbirlər keçirilmişdir
Bakı, 26 fevral (AZƏRTAC). Azərbaycanın İordaniyadakı səfirliyinin təşkilatçılığı ilə Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, diplomatik nümayəndəliyimiz tərəfindən tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına əsasən Xocalı həftəsi elan olunmuş, faciə ilə bağlı materiallar bır sıra qurumlara göndərilmiş, soyqırımı haqqında məlumatlar KİV-lər vasitəsilə yayılmışdır.
Səfir Elman Araslı İordaniya Senatının sədri T.Masri, parlamentin üzvləri, ölkənin baş müftisi A.Xasavnehlı, Mərkəzi Teleradio Korporasiyasının baş direktoru B.Tel, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi X.Həmşavi, tanınmış yazıçı-publisist S.Hattab ilə görüşlər keçirmişdir. Görüşlərdə diplomat Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat vermişdir.
Bundan əlavə, fevralın 20-də səfirliyin binasında Xocalı soyqırımı ilə bağlı mətbuat konfransı keçirilmişdir. İordaniyanın 20-dək KİV-in nümayəndəsinin iştirak etdiyi tədbirdə səfir E.Araslı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, Xocalı faciəsinin səbəblərindən və qətliamın təfsilatlarından danışmışdır.
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sailov da
Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi cinayətlər, o cümlədən ölkəmizə dəymiş maddi-mənəvi ziyan və s. barədə məlumat vermişdir. Bildirilmişdir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü, torpaqlarımızın işğalı, Xocalı faciəsi və digər qətliamlar barədə məlumatlar İordaniyanın bir çox internet saytlarında yerləşdirilmişdir.
Tədbir iştirakçılarına bir neçə dildə hazırlanmış kitablar, eləcə də Xocalı soyqırımına dair fotolar, videomateriallar, disklər və səfirliyin bəyanatı paylanmışdır.
Növbəti tədbir fevralın 21-də Senatın sədri T.Masrinin dəstəyi ilə İordaniyanın Kral Hüseyn klubunda keçirilmişdir. Siyasi-ictimai xadimlərin, ölkədə akkreditə olunmuş diplomatik korpusun, Azərbaycan icmasının nümayəndələrinin iştirak etdiyi tədbirdə E.Araslı erməniləri Xocalıda törətdikləri dəhşətli cinayətlər barədə ətraflı məlumat vermişdir.
Yazıçı-publisist S.Hattabı da tədbirdə çıxış edərək Azərbaycanın tarixindən, inkişafından, dünyada günü-gündən artan nüfuzundan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, o cümlədən Xocalı faciəsindən danışmışdır. O, Azərbaycanın işğal edilmiş torpaqlarının hərbi yol ilə azad etməyə tam qadir olduğunu vurğulamışdır.
Fevralın 22-də İordaniya-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən qurumun mənzil-qərargahında da tədbir keçirilmişdir. Tədbirdə cəmiyyətin baş katibi X.Həmşavi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışmış, ermənilərin təcavüzkar siyasətinin İordaniya ictimaiyyəti tərəfindən pisləndiyini qeyd etmişdir.
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sailov da Ermənistanın Azərbaycana qarşı təcavüzündən danışmış, Xocalı faciəsi ilə bağlı faktları açıqlamışdır. E.Araslı isə çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycanın ədalətli mövqeyi barədə ətraflı məlumat vermişdir.
Sonda tədbir iştirakçılarına erməni terrorizmi və Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilmiş, kitablar, foto və videomateriallar, disklər və səfirliyin bəyanatı təqdim olunmuşdur.
Bundan əlavə, fevralın 26-da səfirliyin kollektivi diplomatik nümayəndəliyimizin binasında Xocalı faciəsinin qurbanlarının xatirəsini ehtiramla yad etmişdir.