İqlimşünaslar Sahara bölgəsi üçün yağışlı gələcək proqnozlaşdırıblar
Bakı, 18 oktyabr, AZƏRTAC
Sahara səhrasında il ərzində adətən beş dəfədən çox yağış yağmır, bəzi bölgələrdə isə yağış illərlə müşahidə olunmur. Belə nadir hadisələr adətən qısamüddətli və güclü leysan şəklində baş verir. Bu su yerli torpaq səthindən buxarlanmır, onu rütubətli ərazilərdən gələn küləklər gətirir. Bu küləklər daim səhraya tərəf iqtiqamət götürür, lakin demək olar ki, həmişə qarşısıalınmaz bir maneə ilə üzləşirlər. Belə ki, Saharada aşağı hava axınları hökm sürür. Bunun nəticəsində hava isinərək yağış buludlarının yaranmasına imkan vermir.
İqlimin istiləşməsi ilə əlaqədar səthə yaxın temperaturun artması havanın enmə prosesini zəiflədir və tarixən formalaşmış bu “örtük”, yəni səhra üzərindəki sabit quru hava təbəqəsi öz təsirini itirməyə başlayır. Eyni zamanda qitə ilə okean arasındakı temperatur fərqi artır və quru ərazi sahə sularına nisbətən daha çox qızır. Bu isə küləklərin güclənməsi deməkdir.
ABŞ-ın İllinoys Universitetinin iqlimşünasları bu prosesləri təhlil ediblər. Onlar XXI əsrin ikinci yarısında Afrikada yağıntı rejimini proqnozlaşdırmaq üçün 40 müxtəlif iqlim modeli qurublar.
AZƏRTAC xəbər verir ki, aşdırmanın nəticələri “npj Climate and Atmospheric Science” jurnalında dərc olunub.
Alimlərin modelləri atmosferin insan fəaliyyəti nəticəsində çirklənməsinin iki mümkün ssenarisinə əsaslanır: biri istixana qazı emissiyalarının orta səviyyədə artımını, digəri isə onların daha da güclənməsini nəzərdə tutur. Hər iki halda nəticə eynidir — Afrikada yağışların orta həcmi artacaq, Saharada isə yağıntıların miqdarı 1965–2014-cü illərlə müqayisədə 75 faiz çoxalacaq.
Tədqiqatçılara görə, bu dəyişikliklər əsasən mənfi nəticələrə gətirib çıxaracaq. Bitki örtüyünün canlanması qısamüddətli olacaq, ümumilikdə isə bölgənin iqlimi daha ekstremal hala gələcək, belə ki, ani daşqınların sayı artacaq, bu isə yolların, boru xətlərinin və digər infrastrukturların dağılmasına, eləcə də torpaq eroziyasının güclənməsinə səbəb olacaq.
Üstəlik, yağışların daha tez-tez baş verməsi səhradan tozun hava axınları ilə daşınmasının azalmasına gətirib çıxara bilər. Halbuki Saharanın bu toz təbəqəsi Atlantik okeanına fayda verir, tropik qasırğaların yaranmasını zəiflədir, həmçinin toz hissəcikləri Günəş şüalarının qarşısını alaraq okean sularının isinməsini azaldır.