SİYASƏT
İran hakimiyyəti Azərbaycanın xoşməramlı addımlarını geri çevirir - Şərh
Bakı, 2 aprel, AZƏRTAC
İran hakimiyyəti Azərbaycanı ittiham etməzdən öncə öz keçmişinə və İkinci Qarabağ müharibəsindən sonra mediasında yer almış fikirlərə nəzər salsa daha yaxşı olar. 2000-ci illərin əvvəllərində İranın azərbaycanlıları təhqir edən karikaturalarını yada salmaq istərdik. 44 günlük Vətən müharibəsindən sonra mütəmadi olaraq İranın yerli telekanallarında, saytlarında və dövlət orqanlarına məxsus ayrı-ayrı teleqram kanallarında Azərbaycana qarşı əsassız ittihamlar, ölkəmizin suveren hüquqlarına hörmətsizlik, ərazilərimizi şübhə altına alan video materiallar dərc olunur. Niyə İran hakimiyyəti öz daxili mediasına “sus komandası” vermir? Öz daxili siyasətində dəyişiklik etmək istəmir və bunu Azərbaycandan tələb edir?
Bu fikirləri politoloq Tural Əliyev AZƏRTAC-a açıqlamasında söyləyib.
“Azərbaycan KİV-lərində indiyə qədər heç bir dövlətə qarşı əsası olmayan tənqidi yazılara rast gəlinməyib. İran öz dövlət mövqeyini vaxtı ikən Azərbaycan torpaqlarının bir hissəsini işğal etmiş Ermənistanın dövlət maraqları ilə birləşdirərək, ölkəmizə qarşı qonşu dövlətə yaraşmayan ideoloji, siyasi və diplomatik müharibə aparır.
Doğrudan da İran hakimiyyəti Azərbaycanla münasibətlərin düzgün istiqamətdə inkişafını istəyirsə, daxili və xarici siyasətində yol verdiyi kobud yanlışlıqları aradan qaldırmalıdır. İndiki şəraitdə Azərbaycanla əlaqələrin gərginlişməsində və kəskinləşməsində maraqlı tərəf kimi İran görünür. Əks halda İran KİV-lərində Azərbaycana qarşı qərəzli mövqe sərgilməzdi və dərc olunan materiallar barədə ciddi ölçülər götürülərdi.
Bu yanlış siyasət indiyə kimi davam edirsə, günahkarları İran öz daxilində axtarsın, Azərbaycanda deyil”,- deyə politoloq vurğulayıb.
O qeyd edib ki, bu gün İran bütün region üçün təhdid yaradır. Bu ölkə Ermənistandan savayı bütün qonşu ölkələr ilə problemlər yaşamaqdadır. Molla rejimi aylardır davam edən aksiyalarda öz vətəndaşlarının tələblərini görməzdən və eşitməzdən gəlir, İranda yaşayan 30 milyondan çox azərbaycanlıların hüquqlarını pozur. Həmçinin daxili gərginliyi xaricə ixrac etmək istəyir. Bütün bunlar isə artıq İran hakimiyyətinin iflic vəziyyətdə olmasını sübuta yetirən faktlardır. İran daxildə və xaricdə gedən proseslərə doğru-dürüst reaksiyalar vermək iqtidarından deyil, regionda əməkdaşlığa, siyasi, iqtisadi əlaqələrə əngəl törədir.
T.Əliyev deyib: "Azərbaycan hər zaman mehriban qonşuluq siyasətinə sadiqdir. Ölkəmiz heç vaxt ayrı-ayrı dövlətlərlə münasibətlərini üçüncü ölkəyə qarşı qurmaq niyyətində qurmayıb. Dövlətimizin başçısı İranla sərhədi dostluq sərhədi adlandırırdı, ancaq İran hakimiyyəti Azərbaycanın xoşməramlı addımlarını geri çevirir, rasional düşüncələrdən deyil, sağlam olmayan ideoloji xətlə gedir".
Politoloq əlavə edib ki, Azərbaycan Ermənistan üzərində parlaq Qələbə qazanmış, regionda yeni reallıqlar yaratmış və işğal siyasətinə öz gücü ilə son qoymuş bir dövlətdir. Ölkəmizə qarşı təhdid siyasəti apararkən istənilən tərəf ciddi şəkildə fikrindən daşınmalı və nəticələrini hesablamalıdır.