İran Qafanda konsulluq açanda İslam həmrəyliyi yadına düşmürdü - Politoloq
Bakı, 8 aprel, AZƏRTAC
İran Azərbaycan torpaqlarını 30 il ərzində işğalda saxlayan, minlərlə vətəndaşını qətl edən, soyqırımı cinayətləri törədən, tarixi, milli, mədəni abidələrini dağıdan, məscidlərində donuz saxlayan Ermənistana qucaq açır, amma İsraildə səfirlik açmağımıza görə narahat olur. Həmçinin özünü İslam aləminin “qoruyucusu”, hüquqları pozulan müsəlmanların “xilaskarı” kimi təqdim etməyə çalışır. Azərbaycanın İsraildə səfirlik açmasını İslam dünyasının mənafeyinə zidd hərəkət kimi təqdim edərək bəyanat verir. Bütün bunlar da onun ikiüzlülüyünü göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə söyləyib.
O bildirib ki, Azərbaycan müstəqil dövlətdir və hansı ölkədə səfirlik açmasına özü qərar verir. Belə məsələlər dövlətdaxili qanunvericilik və 1961-ci il Vyana razılaşmasına görə tənzimlənir. İran Azərbaycanın tarixi torpağı olan Qafanda yarıtikili binada özünə konsulluq açaraq Ermənistana dəstəyini göstərir. Amma Azərbaycan İsraildə səfirlik açanda İranın yadına İslam həmrəyliyi düşür.
Azərbaycan İsraillə müttəfiqdir və bir çox sahələr üzrə yüksək səviyyəli əlaqələri var. Çox əvvəldən orada səfirlik açmaq imkanlarımız var ikən, İsrail-İran gərginliyində, İranla olan qonşuluq münasibətlərimizi üstün tutaraq bu addımı atmamışıq. Amma İran bütün münasibətləri pozaraq, regionda yaranmış yeni vəziyyəti qəbul etməyəcəyini açıq-aydın bildirərək Ermənistanı bizə qarşı təxribata sövq edir. Bütün bunların fonunda da Azərbaycan öz müttəfiqi olan İsraillə münasibətlərini daha da inkişaf etdirmək istəməsi çox normal haldır. İran özü Azərbaycanla gərginlik yolunu seçib. Amma molla rejimi bilməlidir ki, Azərbaycanın əlində ona qarşı daha çox təsir etmək imkanları var.
Ermənistanın regionun kiçik və zəif ölkəsi olduğunu diqqətə çatdıran politoloq deyib: “İran Ermənistana dəstək verməklə Azərbaycana təsir etmək istəyir. Halbuki, İranın rəqibləri dünyanın supergücü ABŞ, hərbi və ya digər sahələrdə yüksək texnologiyaya malik olan İsraildir. Həmin ölkələr Azərbaycanla əlaqələrin inkişafında maraqlıdırlar. İran anlamalıdır ki, o Ermənistanla əlaqələrini inkişaf etdirməyə çalışdığı kimi, Azərbaycan da ABŞ və İsraillə əlaqələrini daha da üst səviyyə çıxara bilər.
Ona görə İran parlamentinin bəyanatının heç bir hüquqi əsası və təsiri olmayacaq. Səfirliyin açılmasının Fələstin xalqının hüquqlarının və mənafeyinin pozulması, İslam dünyasına xəyanət kimi təqdim etməsi absurd yanaşmadır. İsrail-Azərbaycan münasibətləri yüksək səviyyədə olsa da, rəsmi Bakı Fələstin xalqına da dəstəyini hər zaman nümayiş etdirib. Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısı 2018-ci ildə Bakıda keçirilib. Həmin toplantıda Prezident İlham Əliyev qeyd edib ki, “Azərbaycan Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirir, dəstəyini əsirgəmir. Bu toplantıya Azərbaycanın ev sahibliyi etməsi bunun bariz nümunəsidir”.
Yalçın Hacızadə əlavə edib ki, eyni zamanda, 2017-ci ilin dekabr ayında İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında da Prezident İlham Əliyev iştirak etmişdi. Dövlətimizin başçısının iştirakı Azərbaycanın Fələstinə göstərdiyi dəstək və İslam həmrəyliyinə sadiqlikdir. Bu iştirak Fələstin dövlətinin rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilmişdir. Keçən il Azərbaycanla Fələstin arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub.
Bundan əlavə, Azərbaycan Respublikasının Fələstində Təmsilçilik Ofisinin təsis edilməsi haqqında Qanun qəbul edilib. Yəni, bütün bunlar onu göstərir ki, Azərbaycan İsrail münasibətlərinin inkişaf etməsi İranın göstərməyə çalışdığı kimi, Fələstinə qarşı deyil. Əksinə, Azərbaycan paralel olaraq Fələstinlə də münasibətlərini yüksəldir.