İranda koronavirusdan ölənlərin sayı 123 mini ötüb
Tehran, 15 oktyabr, AZƏRTAC
Koronavirus infeksiyasının yayılması azaldıqca İranın bəzi vilayətləri “qırmızı zona”dan çıxarılır.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.
Qeyd olunur Gülüstan, Mazandaran, Fars, Mərkəzi vilayətləri artıq “qırmızı zona”ya aid deyil. Bu vilayətlərdə koronavirusun yayılması və ölün hallarında azalma müşahidə edilir.
Səhiyyə Nazirliyinin açıqlamasında, həmçinin vurğulanır ki, son 24 saat ərzində İranda 11 min 857 nəfərin koronavirusa yoluxması, 197 nəfərin isə bu virusdan ölməsi faktı qeydə alınıb. Ölkə ərazisində infeksiyanın yayılması tədricən də olsa azalmaqdadır. Əgər cari ayın əvvəlində yoluxanların sayı 20 mindən, ölənlərin sayı isə 250-dən artıq olurdusa, bu gün yoluxanların sayı 10 mindən bir qədər çox, ölənlərin sayı isə 200-dən aşağıdır. Mütəxəssislər belə azalmanı ölkədə peyvəndləmə prosesinin sürətlə və keyfiyyətlə aparılması ilə əlaqələndirirlər.
Qeyd edək ki, İranda 60 milyon dozadan çox peyvənd vurulub.
Bu günə olan statistik məlumatlara əsasən, İranda koronavirusa yoluxanların ümumi sayı 5 milyon 765 min 904 nəfərə, ölənlərin ümumi sayı isə 123 min 695-ə çatıb.
Xəstəxanalarda müalicə alan 4924 nəfərin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, müalicə alan 5 milyon 294 min 981 nəfər sağalaraq evə buraxılıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran