İrina Kovzanoviç: Məqsədim - Azərbaycanı Avropada populyarlaşdırmaqdır
Tallinn, 4 may, AZƏRTAC
Dünya Azərbaycanlılar Assambleyasının (DAA) qərarına əsasən 14 ölkənin nümayəndələri bu quruma üzv seçiliblər. Onların arasında Tallinndəki Linnamyaes rus liseyinin şagirdi İrina Kovzanoviç də var.
İrina AZƏRTAC-ın müxbiri ilə söhbətində yeni təyinatı ilə əlaqədar keçirdiyi hisslər və DAA-nın üzvü kimi nəzərdə tutduğu işlər barədə danışıb. O deyib:
“Dünya Azərbaycanlılar Assambleyasında (DAA) Estoniyanı təmsil etmək mənim üçün böyük şərəfdir. Bunu çoxdan arzu edirdim, amma düşünürdüm ki, bu mümkün deyil, çünki mən azərbaycanlı deyiləm. Mənim bu Azərbaycan təşkilatına nümayəndə seçilməyim Azərbaycanın multikulturalizm modelinin daha bir təsdiqidir. Mən Estoniyada DAA-nın nümayəndəsi olmaqla öz ölkəmizdə Azərbaycanın təbliğini davam etdirəcək, indi DAA kimi böyük bir təşkilatın himayəsi altında Azərbaycanın qədim, zəngin tarixi və mədəniyyəti barədə məlumatları sosial şəbəkələrdə paylaşacağam. Azərbaycanın haqq səsinin bizim ölkədə daha gur eşildilməsi üçün əlimdən gələni edəcəyəm.
Hesab edirəm ki, bu gün mənim əsas məqsədim Azərbaycanı həm Estoniyada, həm də bütün Baltikyanı bölgədə populyarlaşdırmaqdır”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn