İrina Zaretska Karate 1 Seriya A turnirində gümüş medala sahib olub
Bakı, 20 may, AZƏRTAC
Azərbaycan idmançısı İrina Zaretska İstanbulda keçirilən Dünya Karate Federasiyasının (WKF) Karate 1 Seriya A turnirində gümüş medal qazanıb.
AZƏRTAC xəbər verir ki, qadınlardan ibarət milli komandanın lideri İrina Zaretska (68 kq) dünya reytinq cədvəlində ikinci olduğundan yarışa növbəti dövrədən qatılıb. İdmançımız finala gedən yolda belçikalı Luana Debattini (8:0), ABŞ təmsilçisi Çeril Mörfini (1:0), yunanıstanlı Kiriaki Kidonakini (4:0) və Slovakiya karateçisi Miroslava Kopunovanı (1:0) məğlub edib. O, yarımfinalda yaponiyalı Someya Kayo ilə görüşü xalsız heç-heçə ilə başa vursa da hakimlərin qərarına əsasən qələbə idmançımıza verilib. Finalda həlledici görüşdə Marina Rakoviçə (Monteneqro) 2:4 hesabı ilə uduzan karateçimiz turnirin gümüş medalı ilə kifayətlənməli olub.
Milli komandanın liderlərindən Rafael Ağayev (75 kq) isə ardıcıl iki döyüşdə aldığı zədələrlə əlaqədar beşinci qarşılaşmada mübarizəni yarımçıq dayandırmalı olub.
Mötəbər turnirdə 102 ölkədən 1813 karateçi mübarizə aparıb. Fərqlənən idmançıların mükafatlandırılması mərasimində Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov da iştirak edib.