İsmayıllıda “Gələcək öz əlimizdədir” layihəsinin təqdimatı olub
Görülən işlərlə yanaşı, bu istiqamətdə həlli vacib olan məsələlər də mövcuddur. Bunlardan ən önəmlisi sakinlər arasında maarifləndirmə tədbirlərinin aparılması, rayon ictimaiyyətini və geniş əhali kütləsini tədbirlərin icrasına cəlb etməkdir.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə rayon icra hakimiyyətinin təşəbbüsü ilə rayon ərazisində cari il avqust ayının 1-dən “Təmiz şəhərdə yaşa” devizi ilə “Gələcək öz əlimizdədir” layihəsinin icrasına başlanılıb.
Layihənin icrası məqsədilə komissiya yaradılıb, tədbirlər planı təsdiq edilərək müəyyən edilmiş işçi qrupları tərəfindən onun icrasına başlanılıb. Layihə 2014-cü ilin dekabr ayının 25-dək davam edəcək, yekun qiymətləndirmə tədbirləri isə ilin sonunda keçiriləcək.
Layihə çərçivəsində müxtəlif müsabiqələr, iməciliklər və digər tədbirlər vasitəsilə cəmiyyətin diqqəti təmizlik, yaşıllaşdırma, sanitariya işlərinə yönəldiləcək və ictimaiyyətin geniş kütləsi layihənin icrasına cəlb ediləcək.
Bütün bunlar barədə layihənin təqdimat mərasimində ətraflı danışılıb. Layihənin rəhbəri, rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev nəzərdə tutulan tədbirlər--müsabiqələr, təbliğat yolları, uşaq və gənclərin təbliğat işində iştirakı, təbliğat vasitələri, təbliğatçıların geyim formaları və s. barədə ətraflı məlumat verib.
Şəhər sakinləri Səkinə Məmmədova, Yaşar Nuriyev, Vaqif Əliyev və başqaları çıxış edərək layihənin əhəmiyyətindən danışıb, rayon ictimaiyyətini onun icrasında fəal iştiraka çağırıblar.
Təqdimat mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov regionlar arasında bu tipli layihənin ilkin olaraq İsmayıllıda həyata keçirildiyini deyib. Onun müvəffəqiyyətlə sona çatması üçün hamını fəal mövqe tutmağa çağırıb. İcra hakimiyyətinin başçısı layihənin icrasında təbliğat işinin böyük əhəmiyyət kəsb etdiyini və bu işdə gənclərin üzərinə daha çox iş düşdüyünü vurğulayıb.