İspaniyanın “W Radio” dalğasının internet saytında Xocalı soyqırımı barədə məqalə yerləşdirilmişdir
Madrid, 28 fevral (AZƏRTAC). İspaniyanın “W Radio” dalğasının internet saytında ispaniyalı jurnalistin Xocalı soyqırımı barədə məqaləsi yerləşdirilmişdir.
Məqalədə soyqırımının canlı şahidlərindən birinin xatirələrindən bəhs olunmuşdur. Qeyd edilmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecənin canlı şahidlərindən olan Hicran Xanlarova bu faciənin dəhşətlərini unuda bilməyəcəkdir. Faciənin canlı şahidi deyir: “Həmin gecə şəhərimizi bombalamağa başlayanda bizim ailəmiz də bütün qonşularımız kimi ayaqyalın evi tərk edib meşəyə doğru qaçmağa başladı. Bizi güllə atəşinə tutdular. Oğlum yerindəcə həlak oldu, yaralanmış nəvəm isə 2 gün sonra xəstəxanada keçindi”.
Müəllif Karmen Klara Rodrigez məqalədə azərbaycanlıların yaşadıqları dəhşətləri bütün çılpaqlığı ilə göstərməyə çalışmışdır. Bildirmişdir ki, illərdir davam edən münaqişənin ən qanlı səhifəsi olan Xocalı qətliamında 613 insan həyatını itirmişdir ki, onlardan da 63-ü uşaq, 106-sı qadın, 70-i qocalardır. Xocalı sakinlərindən 1257 nəfəri əsir götürülmüş, 105 nəfər itkin düşmüşdür.
Məqalədə, həmçinin doğma el-obasından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin həyatından da bəhs olunur. Bildirilir ki, onlar hökumət tərəfindən tikilmiş mənzillərdə və yataqxanalarda yerləşdirilmişlər. Lakin hər bir məcburi koçkünün ən böyük arzusu doğma elinə qayıtmaqdır.
Sonda qeyd olunur ki, münaqişənin sülh yolu ilə həlli istiqamətində atılmış bütün addımlar hələ ki, öz bəhrəsini verməmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan ordusunun işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması barədə qəbul etdiyi 4 qətnamə də nəticəsiz qalmış, münaqişənin həlli ilə bağlı yaradılmış Minsk qrupunun fəaliyyəti isə tamamilə hiss olunmur.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid