İQTİSADİYYAT
İstehlak qiymətləri indeksi açıqlanıb
Bakı, 11 sentyabr, AZƏRTAC
Bu ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 111,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 113,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 110,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6 faiz, əvvəlki ilin avqust ayına nisbətən 108,0 faiz olub. Avqust ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,1 faiz, əvvəlki ilin avqust ayına nisbətən 107,4 faiz təşkil edib.
Avqust ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, əvvəlki ilin avqust ayına nisbətən 108,3 faiz təşkil edib. Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin avqust ayına nisbətən 108,9 faiz olub.
Avqust ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən mənzillərin icarə haqlarında və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə edilib. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.