İstiqlal Muzeyində 20 Yanvar faciəsinə həsr edilmiş “Tarixə çevrilmiş şəkillər” mövzusunda fotosərgi açılmışdır
Bakı, 18 yanvar (AZƏRTAC). Yanvarın 18-də Azərbaycan İstiqlal Muzeyində 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə bağlı “Tarixə çevrilmiş şəkillər” mövzusunda fotosərgi açılmışdır.
Sərgidə muzeyin fondunda saxlanılan və tanınmış fotoqraflar Tahir Cəfərov, Oqtay Məmmədov, Sənan Ələsgərova məxsus 50 ədəd fotoşəkil, eləcə də şəhidlər Azər Ələkbərovun və Ağabəy Novruzbəylinin şəxsi əşyaları nümayiş olunur.
20 Yanvar Cəmiyyətinin, Qarabağ Müharibəsi Veteran Qadınlar Birliyi nümayəndələrinin, şəhidlərin ailə üzvlərinin, qanlı faciənin canlı şahidlərinin, Azərbaycan Ordusu əsgərlərinin, C.Naxçıvanski adına Hərbi Liseyin kursantlarının iştirakı ilə keçirilən tədbirdə muzeyin direktoru Fəridə Şəmsi diqqəti 1990-cı ilin yanvarında baş vermiş hadisələrə yönəltmişdir. O, Kremldəki cinayətkar hakimiyyətin göstərişi əsasında və həmin dövrdə Azərbaycana rəhbərlik edənlərin satqınlığı nəticəsində sovet qoşunlarının Bakıda və respublikamızın başqa şəhərlərində törətdikləri qanlı qırğın barədə məlumat vermişdir.
Bildirilmişdir ki, 21 il bundan əvvəl xalqımızın başına gətirilmiş faciənin qurbanları bu gün də böyük ürəkağrısı ilə yad edilir.
F.Şəms demişdir ki, bugünkü sərgidə AZƏRTAC-ın fotoinformasiya baş redaksiyasının mərhum baş redaktoru Oqtay Məmmədovun (Oqtay Aydınoğlu) 20 Yanvar hadisələrinə həsr edilmiş fotoşəkilləri nümayiş etdirilir. Bu qiymətli fotoları muzeyə tanınmış sənətkarın oğlu Aydın Məmmədov təqdim etmişdir. Sərgidə O.Aydınoğlunun faciəni əks etdirən 20-dən çox fotoəsəri sərgilənir.
Tədbirdə çıxış edən Respublika Şəhid Anaları Xeyriyyə Cəmiyyətinin sədri Rəfiqə Əsgərova, rəssam-fotoqraf Tahir Cəfərov və başqaları 1990-cı il yanvarın 20-də sovet rejiminin Azərbaycan xalqına qarşı vəhşilik aktı törətdiyini, öz konstitusion hüquqlarının bərqərar olunması tələbi ilə çıxış edən dinc və silahsız əhalinin, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan vətəndaşların vəhşicəsinə gülləbəran edildiyini vurğulamışlar.
Çıxış edənlər 20 Yanvar faciəsi zamanı sovet qoşunları tərəfindən törədilmiş vəhşilikləri xatırlatmış, milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını bildirmişlər.
Natiqlər 20 Yanvar faciəsini lentə alan Oqtay Aydınoğlunun foto sənətinə bütün varlığı ilə bağlı olduğunu vurğulamış və onun əsərlərinin təkcə respublika mətbuatında deyil, xarici informasiya agentliklərində də yer aldığını söyləmişlər.
Tədbir iştirakçıları sərgiyə böyük maraqla baxmışlar.
Sərgi yanvarın 25-dək davam edəcəkdir.
######
