İstiqlal Muzeyində növbəti tədbir Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilib
Bakı, 26 noyabr, AZƏRTAC
Milli İstiqlal Muzeyində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədilə “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə çərçivəsində “Şahinlər” adlı növbəti tədbir - sərgi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında şücaət nümayiş etdirən, döyüş başlayan andan etibarən düşmənin müdafiə istehkamlarını darmadağın edən Azərbaycan səmasının şahinləri - şəhid pilotların qəhrəmanlıqlarından bəhs olunub. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin siyasi xəttinin davamçısı Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin “Dəmir yumruğu”nun ətrafında Azərbaycan xalqı sıx birləşərək düşmənə qarşı böyük fəxarətlə vuruşub.
Bildirilib ki, 30 ilə yaxın müddətdə düşmən işğalında olan torpaqların azad olunmasında canından keçən Vətən oğulları heç vaxt unudulmayacaq, onlar hər birimizin qəlbində əbədi yaşayacaqlar.
Daha sonra tədbir iştirakçıları hərbi pilotlar - polkovnik-leytenant Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımov, mayor Abbas Qasımov, baş leytenant Xalid Gözəlova həsr olunan sərgi ilə tanış olublar. Sərgidə şəhidlərimizin həyatının müxtəlif illərinə, xidməti fəaliyyətlərinə həsr olunan fotoşəkillər və şəxsi əşyaları nümayiş olunub.
Sərgi dekabrın 2-dək davam edəcək.