DÜNYA
İtaliyalı küçə rəssamı Papanın xeyir-duasını alıb
![](/files/galleryphoto/2024/1/1200x630/17068613145330427759_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1706861314991640928_1200x630.jpg)
Bakı, 2 fevral, AZƏRTAC
İtaliyalı rəssam Mauro Pallotta on il əvvəl Vatikanın yaxınlığındakı divarda Papa Fransiskin plaşda və super qəhrəman obrazında freskasını təsvir edəndə, Roma polisi bir neçə saat ərzində onu sildi. Amma indi Vatikan öz əsərlərini “Maupal” imzası ilə təqdim edən rəssama təqdiredici möhür verib. Bu möhür Pallottaya bu il Böyük xristian orucluğu zamanı Fransiskin müraciətini illüstrə etmək hüququ verir.
AZƏRTAC İtaliya mediasına istinadla xəbər verir ki, bu günlərdə Pallotta mətbuat konfransında kardinalla yanaşı oturub və bununla da gizli küçə rəssamlığı peşəsindən Vatikanın birinci şəxsinin xeyir-duasını almış rəssam tituluna doğru addım atıb. “Bu, həqiqi səyahət idi”, -deyə 51 yaşlı fırça ustası qeyd edib.
Bu il katoliklərin orucu fevralın 14-də başlayacaq və Pasxa zamanı - martın 31-də başa çatacaq. Mauro Pallotta bu il Papa Fransiskin müraciətindən tezisləri illüstrə etmək üçün karikaturanı xatırladan bir neçə rəsm çəkir. Onlardan birində Roma Papası kisələrlə dolu arabanı itələyərkən təsvir edilir. Bu tablo “Faith” (Etiqad) adlanır. Fransisk səhrada həmin arabanı mismarlarla dolu qumluqda hərəkət etdirir və bu, rəssamın sözlərinə görə, insanları ədalətsizlik, münaqişələr, maddi və mənəvi məhrumiyyət çölündə irəli aparan etiqadın rəmzi olacaq.
Roma Papasının müraciətində deyilir: “Bəşəriyyət ümumi qardaşlıq qapısının kandarındadır və hamı üçün ləyaqətə təminat verə biləcək elmi, texnoloji, mədəni və hüquqi inkişaf səviyyəsinə çatıb, lakin o, bərabərsizlik və qarşıdurmaların qaranlığında sürünür”.
Pallottanın illüstrasiyaları oruc zamanı hər həftə Vatikan dikasteriyasının internet saytında və sosial media platformalarında dərc olunacaq.