İtaliyanın “Ragusa oggi” xəbər portalında Xocalı soyqırımı ilə bağlı məqalə yerləşdirilmişdir
Roma, 28 fevral (AZƏRTAC). İtaliyanın “Ragusa oggi” xəbər portalında “Xocalı. Azərbaycan xalqının qəlbində qanayan yara” sərlövhəli məqalə yerləşdirilmişdir.
Yazıda Xocalı faciəsinin ulu öndər Heydər Əliyev tərəfindən bəşəriyyətə qarşı yönələn cinayət kimi dəyərləndirildiyi qeyd olunur. Bildirilir ki, ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən faciəvi hadisələrindən biridir.
Müəllif diqqətə çatdırır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə yüzlərlə azərbaycanlı Xocalıda qəddarlıqla qətlə yetirilmişdir. Bu hadisənin soyqırımı kimi tanınması olduqca vacibdir. Çünki ermənilər Xocalı sakinlərini məhv etmək üçün hər cür vasitəyə əl atmışlar. Soyqırımı nəticəsində 106 qadın, 63 uşaq, 70 qoca daxil olmaqla 613 nəfər vəhşicəsinə öldürülmüş, 8 ailənin həyatına tamamilə son qoyulmuş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərdən birini itirmiş, 487 nəfər ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür.
Məqalədə bildirilir ki, məşhur jurnalist, “Qara bağ” kitabının müəllifi Tomas de Vaal 2000-ci ildə hazırkı Ermənistan prezidenti Serj Sarkisyandan müsahibə almışdır. S.Sarkisyan müsahibəsində demişdir: “Xocalı hadisələrinədək azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldırmazlar. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”. Bu fikirlər Xocalı qətliamının məhz ermənilər tərəfindən törədilən ağır bir cinayət olduğunu bir daha sübut edir.
Müəllif münaqişənin sülh yolu ilə həll edilməsi üçün yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyətinə də toxunmuşdur. Qeyd etmişdir ki, problemin nizamlanması istiqamətində qurum bir sıra addımlar atsa da, indiyədək heç bir nəticə əldə edilməmişdir.
Yazıda, həmçinin cari il fevralın 12-də Romada Xocalı soyqırımı ilə bağlı keçirilmiş beynəlxalq konfransdan da bəhs edilir. Vurğulanır ki, tədbir İtaliya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımı ilə bağlı məlumatlandırmaq məqsədi ilə keçirilmişdir.
Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq olar:
http://www.ragusaoggi.it/40992/khojaly-una-ferita-aperta-nel-cuore-dell-azerbaigian
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma