IX BAKI KİTAB BAYRAMI QALİBLƏRİNİN MÜKAFATLANDIRILMASI MƏRASİMİ KEÇİRİLMİŞDİR
Bakı, 26 may (AZƏRTAC). Azərbaycan Yazıçılar Birliyinin, Yeni Yazarlar və Sənətçilər Qurumunun, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin təşkilatçılığı ilə mayın 26-da IX Bakı Kitab Bayramı qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin 91, Azərbaycan Yazıçılar Birliyinin 75, Cəlil Məmmədquluzadənin 140 illiyinə, “İslam Mədəniyyətinin Paytaxtı Bakı-2009” kimi əlamətdar hadisələrə həsr edilən tədbir M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında təşkil olunmuşdur.
Ədəbi ictimaiyyətin - yazıçıların, naşirlərin, jurnalistlərin, tələbələrin, ədəbiyyatsevərlərin iştirak etdikləri tədbir-sərgidə yeni kitablara ictimai baxış, yazıçı və şairlər tərəfindən öz kitablarının imzalanma mərasimi, mini-təqdimat keçirilmişdir.
Mükafatlandırma mərasimində Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov), M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Yazıçılar Birliyinin katibi Rəşad Məcid və başqaları tədbirin əhəmiyyətindən danışmış, qalibləri təbrik etmişlər.
25 nominasiya üzrə mükafatlandırılan qaliblər arasında yazıçı-publisist Elmira Axundova (2008-ci ilin bədii-sənədli kitabı), yazıçı Yunis Oğuz (2008-ci ilin tarixi romanı), şair-tərcüməçi Kələntər Kələntərli (2008-ci ilin milli-etnik dildə yazılmış kitabı), AZƏRTAC-ın əməkdaşı, şair-publisist Zərəngiz Dəmirçi (2008-ci ilin qadın şairinin kitabı), şair-jurnalist Fərid Hüseynovun (2008-ci ilin gənc şairi) və başqalarının adları vardır.
Müsabiqə iştirakçılarından 7 nəfərinə isə IX Bakı Kitab Bayramı - Milli Kulturoloji Mükafatın fəxri fərmanları təqdim olunmuşdur.
######
