Kankunda BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının üzvlərinin konfransı başa çatmışdır
Bakı, 14 dekabr (AZƏRTAC). Meksikanın Kankun şəhərində BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının üzvlərinin konfransı başa çatmışdır. Konfransda planetdə qlobal istiləşməyə qarşı mübarizəyə və atmosferə istixana qazları buraxılmasının səviyyəsinin azaldılmasına yönəlmiş sənədlər paketi qəbul edilmişdir.
BMT-nin Baş katibi Pan Gi Mun Meksika konfransının yekunlarını “mühüm uğur” adlandırmışdır. Pan Gi Mun demişdir: “Hökumətlər ümumi iş naminə, ümumi rifah naminə bir yerə toplaşmış və zəmanəmizin əsas təhdidlərinin həlli yolları haqqında razılığa gəlmişlər”.
Meksikada qəbul edilmiş “Kankun razılaşmaları” adlanan qərarlarda yoxsul ölkələrə bərpa edilə bilən enerji mənbələrinin mənimsənilməsi və enerjinin səmərəsinin artırılması üzrə texnologiyaların verilməsi mexanizminin yaradılması, “yaşıl iqlim fondu” təsis edilməsi və 2012-ci ilə qədər həmin fonda 30 milyard ABŞ dolları, 2020-ci ilə qədər 100 milyard ABŞ dolları verilməsi nəzərdə tutulur.
Qəbul edilmiş qərarlar arasında meşələrin qorunub saxlanması və bərpa edilməsi, eləcə də inkişaf etməkdə olan ölkələrə iqlim dəyişməsinin nəticələrinə adaptasiya layihələri üçün vəsait verilməsi haqqında qərarlar da vardır. Konfrans iştirakçıları istixana qazlarının emissiyasının monitorinqi sistemini işə salmaq barədə razılığa gəlmişlər.
BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının üzvləri bu əsrin sonuna qədər planetdə temperaturun Selsi şkalası üzrə 2 dərəcədən çox artmasına yol verməmək üçün birgə iş aparmağı qərara almışlar.
Lakin konfrans iştirakçıları qüvvədə olma müddəti 2012-ci ildə başa çatan Kioto Protokolunun varisi olacaq sənəd hazırlanması barədə heç bir qərara gələ bilməmişlər.
Konfransın nümayəndələri BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının üzvlərinin növbəti görüşünü 2011-ci il noyabrın 28-dən dekabrın 9-dək Cənubi Afrikada keçirilməsi barədə razılaşma əldə etmişlər.