Kişi şahmatçılarımız Avropa çempionatına favoritlərdən biri kimi yola düşürlər
Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycanın şahmat üzrə kişilərdən ibarət komandası Avropa çempionatına favoritlərdən biri kimi yola düşür.
AZƏRTAC xəbər verir ki, Eltac Səfərlinin kapitanı olduğu komandamız 2717 orta reytinqlə turnir cədvəlində ikinci sırada qərarlaşıb. Heyətdə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov və Nicat Abasov kimi güclü şahmatçılarımız yer alıblar.
Statistikaya nəzər salsaq, kişi şahmatçılarımızın qitə çempionatlarında böyük nailiyyətlər əldə etdiyini görərik. Belə ki, komandamız yarışda ümumilikdə 3 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıb. Bu nəticə ilə Azərbaycan ümumi hesabda Rusiyadan sonra ikinci pillədə yer alır. Şahmatçılarımız analoji yarışda ilk uğurunu 2007-ci ildə Yunanıstanda keçirilən turnirdə qazanıblar. Heyətində Teymur Rəcəbov, Vüqar Həşimov, Qədir Hüseynov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədovun yer aldığı komandamız bürünc medal əldə edib. Serbiyada növbəti Avropa çempionatında isə şahmatçılarımız parlaq qələbəyə imza atıblar. Eyni heyətlə turnirə qatılan yığmamız fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Sonrakı Avropa çempionatlarında - 2011-ci ildə Yunanıstanda gümüş, 2013-cü ildə Polşada, 2017-ci ildə isə Yunanıstanda bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıblar.
Qadınlara gəldikdə isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayevadan ibarət yığmamız 2383 orta reytinqlə beşinci yerdədir. Qadın şahmatçılarımızdan ibarət komandamız (Firuzə Vəlixanlı, İlahə Qədimova) 1992-ci ildə ilk dəfə qatıldığı yarışı bürünc medalla başa vurub. İkinci medala isə komandamız ötən Avropa çempionatında - Batumidə keçirilmiş yarışda sahib olub.
Şahmat üzrə komandalar arasında Avropa çempionatı 1957-ci ildən Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən keçirilən Avropa ölkələrinin ən güclü yarışıdır. Əvvəlcə turnir 4 ildən bir keçirilsə də, sonradan tarixləri dəfələrlə dəyişdirilib. Qitə çempionatları 1997-ci ildən başlayaraq iki ildən bir keçirilir. Çempionatın reqlamenti də bir neçə dəfə dəyişdirilib. İlk səkkiz turnir iki mərhələdə keçirilib. Əvvəlcə komandalar yarımqruplar üzrə mübarizə aparıb, daha sonra onların ən yaxşıları dairəvi sistem üzrə yarışıblar. 1989-cu ildən çempionatlar İsveçrə sistemi üzrə bir mərhələdə keçirilir. Matçların oynanıldığı lövhələrin sayı tədricən azaldılıb.
Qadınlar arasında komandalar arasında Avropa çempionatı isə 1992-ci ildən keçirilir. Turnirlər İsveçrə sistemi üzrə 9 turdan ibarət olub. İlk beş çempionatda matçlar iki lövhədə keçirilirdisə, 2005-ci ildən dörd lövhədə oynanılır.
Qeyd edək ki, növbəti Avropa çempionatı noyabrın 12-də Sloveniyada start götürəcək və 21-dək davam edəcək.