Kiyev orta məktəbində xalqlar dostluğu festivalı keçirilmişdir
Kiyev, 24 dekabr (AZƏRTAC). Fakültativ Azərbaycan dili dərslərinin keçildiyi 188 nömrəli Kiyev orta məktəbində xalqlar dostluğu festivalı keçirilmişdir. Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Kiyev şəhər təşkilatının, Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elm, Mədəniyyət və İdman Mərkəzinin, habelə orta təhsil müəssisəsinin rəhbərliyinin birgə təşkil etdiyi festival Dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuşdur.
Qeyd edək ki, bu ümumtəhsil məktəbində 50-dən çox millətin və xalqın nümayəndələri, o cümlədən etnik azərbaycanlılar təhsil alırlar. Azərbaycanlı məktəblilər Üzeyir Hacıbəylinin “Arşın mal alan”, “O olmasın, bu olsun” operettalarından səhnələr nümayiş etdirmiş, Azərbaycan mahnılarını, o cümlədən bəstəkar Qəmbər Hüseynlinin dünya şöhrətli “Cücələrim” mahnısını, habelə keçmiş sovet respublikalarının nəğmələrini ifa etmiş, türk, rus və ingilis dillərində Səməd Vurğunun şeirlərini oxumuşlar.
Festivalda UAK-ın Kiyev şəhər təşkilatının sədri Oleq Krapivin, Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elm Mədəniyyət və İdman Mərkəzinin rəhbəri, professor Arif Quliyev, Kiyev şəhəri Dneprosk RXMŞ-nin müdiri İvanna Kovalenko, 188 nömrəli məktəbin direktoru Aleksandr Bodnya, UAK-ın fəalları Fail Abidov, Firidun Həşimov, Teymur Teymurov və başqaları iştirak etmişlər.
Şənliyin sonunda Oleq Krapivin iştirakçıları gənclər arasında sərbəst güləş üzrə II beynəlxalq turnirə dəvət etmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir dekabrın 25-26-da Kiyevdə keçiriləcəkdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev