KİYEVDƏ AZƏRBAYCANLILARIN SOYQIRIMINA HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLMİŞDİR
Bakı, 1 aprel (AZƏRTAC). Kiyevdəki Ukrayna mehmanxanasının konfrans zalında Ukrayna Azərbaycanlıları Konqresinin (UAK), “İrəli” İctimai Birliyinin Ukrayna təmsilçiliyinin və Ukrayna Avropa Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilmişdir.
“İrəli” İctimai Birliyindən bildirmişlər ki, Ukraynanın bir sıra aparıcı gənclər təşkilatları fəallarının, diplomatların, tarixçi alimlərin, politoloqların və jurnalistlərin iştirak etdikləri mərasimi UAK-ın sədri Akif Gülməmmədov açaraq, ermənilər tərəfindən azərbaycanlılara qarşı iki əsr boyu davam edən soyqırım siyasətindən danışmışdır.
Ukrayna energetika nazirinin müavini Burzu Əliyev, Dünya Azərbaycanlıları Konqresinin Ukrayna üzrə nümayəndəsi Möhlət Hüseynov və digərləri ermənilərin törətdikləri qanlı soyqırımlar nəticəsində on minlərlə azərbaycanlının xüsusi amansızlıqla qətlə yetirildiyini, yüzlərlə yaşayış məntəqəsinin yerlə-yeksan olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışlar.
Sonra “İrəli” İctimai Birliyi tərəfindən hazırlanmış 31 Mart hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.
“Ukrayna Xalq Diplomatiyası” Gənclər Birliyinin prezidenti Aleksey Zaxarçenko, Ukrayna Avropa Gənclər Hərəkatının baş katibi Sergey Voronov, “İrəli” İctimai Birliyinin nümayəndələri Cavid Hüseynzadə və Ayaz Salmanov ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş bəşəri cinayətlərin hələ də cəzasız qalmasını təəssüf hissi ilə qeyd etmişlər.
Bildirilmişdir ki, hazırda Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsi üçün xalqımızın haqq səsinin, erməni vəhşilikləri barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması milliyətindən asılı olmayaraq hər bir gəncin mənəvi borcudur.