Kiyevdə Multikulturalizm Mərkəzinin dəstəyi ilə beynəlxalq elmi konfrans keçirilib
Kiyev, 21 oktyabr, AZƏRTAC
Kiyevdə görkəmli ukraynalı türkoloq, şərqşünas Aqatangel Krımskinin anadan olmasının 150 illiyinə həsr edilmiş beynəlxalq elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçıları Ukrayna Milli Elmlər Akademiyasının Aqatangel Krımski adına Şərqşünaslıq İnstitutu, Ukrayna Milli Elmlər Akademiyasının Aleksandr Potebnya adına Dilçilik İnstitutu və Ukrayna Milli Elmlər Akademiyasının Vladimir Vernadski adına Ukrayna Milli Kitabxanası olub.
Bu il imzalanmış əməkdaşlıq haqqında memorandum əsasında Aqatangel Krımski adına Şərqşünaslıq İnstitutu ilə sıx əməkdaşlıq edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tədbirin tərəfdaşı qismində çıxış edirdi.
BBMM indiyə qədər Ukrayna Milli Elmlər Akademiyasının Vladimir Vernadski adına Ukrayna Milli Kitabxanası ilə birlikdə bir sıra layihələr reallaşdırıb, o cümlədən Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş “Nizami Gəncəvinin əsərləri Ukrayna dilinə tərcümələrdə və ukraynalı alimlərin tədqiqatlarında” adlı araşdırmanın təqdimatını keçirib.
Beynəlxalq elmi konfransın tərəfdaşları arasında Kiyevdəki Yunus Əmrə İnstitutu və “Qelvetıka” nəşriyyatı da vardı.
BBMM-in Ukraynadakı nümayəndəsi Marina Qonçaruk tədbirin açılış mərasimində çıxış edib. BBMM-in direktoru Rəvan Həsənovun adından konfrans iştirakçılarını salamlayan M.Qonçaruk oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 30 illiyinin qeyd olunması barədə məlumat verərək, vurğulayıb ki, bu il Azərbaycan həmin günü ilk dəfə ərazi bütövlüyünü bərpa etmiş halda bayram edib.
M.Qonçaruk İRS nəşriyyatında çapdan çıxmış “Gəncə - Nizami şəhəri” kitabını Ukrayna Milli Elmlər Akademiyasının Aqatangel Krımski adına Şərqşünaslıq İnstitutuna, bu yaxınlarda çapdan çıxmış, Azərbaycanın Zəfərinə həsr edilmiş “Qələbə xronikası” kitabını isə Ukrayna Milli Elmlər Akademiyasının Vladimir Vernadski adına Ukrayna Milli Kitabxanasına hədiyyə edib. Marina Qonçaruk Aqatangel Krımskinin Azərbaycanşünaslığa, Azərbaycanın öyrənilməsinə, Nizami yaradıcılığının tədqiqatına verdiyi töhfələr, o cümlədən “Nizami və müasirləri” monoqrafiyası barədə məlumat verib.
Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndəsi, alimlər çıxış ediblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev