KOROLENKO ADINA MƏRKƏZİ ŞƏHƏR KİTABXANASININ 80 İLLİK YUBİLEYİ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, dekabrın 26-da V.O.Korolenko adına Mərkəzi Şəhər Kitabxanasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə elm, incəsənət, ədəbiyyat xadimləri, kitabxana işçiləri, oxucular iştirak etmişlər.
Çıxış edənlər kitabxananın tarixindən, 1928-ci ildən bu günədək keçdiyi mərhələlərdən, insanların maariflənməsində, elm və təhsilin inkişafındakı rolundan ətraflı söhbət açmışlar.
Kitabxananın direktoru Rəna Biləndərli oxuculara yüksək səviyyədə məlumatların çatdırılmasında, kitab fondunun zənginləşdirilməsində kollektivin əməyini diqqətə çatdırmış, bilik ocağının fəaliyyətini əks etdirən görüntülər nümayiş etdirilmişdir.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, əməkdar jurnalist, dövlət mükafatı laureatı, Milli Məclisin deputatı Elmira Axundova, Təhsil Nazirliyi tərbiyə və məktəbəqədər iş şöbəsinin müdiri Ağababa İbrahimov və başqaları kitabxananın 80 illik yubileyi münasibətilə kollektivi təbrik etmiş, arzu və təkliflərini bildirmişlər.
Tədbir çərçivəsində Təhsil Nazirliyi Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin direktoru A.Məmmədov və kitabxananın direktoru R.Biləndərli kitabxana nəzdində Bakı Gənclər Diyarşünaslıq “Qız qalası” Klubunun yaradılması haqqında müqavilə imzalamışlar.
Sonda kitabxananın fərqlənən əməkdaşlarına diplomlar təqdim olunmuşdur.