Krımda QDİƏT-in turizm üzrə işçi qrupunun iclası keçiriləcəkdir
Kiyev, 15 fevral (AZƏRTAC). “Krım. Kurortlar. Turizm. 2014” beynəlxalq turizm yarmarkası çərçivəsində fevralın 26-da Yaltada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) turizm üzrə işçi qrupunun iclası keçiriləcəkdir.
Xatırladaq ki, Azərbaycan QDİƏT-in üzvüdür.
AZƏRTAC Ukrayna Dövlət Turizm və Kurortlar Agentliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, işçi qrupunun iclasında turizm sahəsinin, o cümlədən turizmin ayrı-ayrı növlərinin inkişafı məsələləri müzakirə olunacaqdır.
Tədbirdə Ukrayna tərəfi QDİƏT çərçivəsində “Qara dəniz regionunda kruiz turizminin inkişafı” layihəsini təqdim edəcəkdir. Bundan əlavə, tədbirdə Ukrayna Dəniz Limanları Administrasiyasının nümayəndəsi “Kruiz turizminin inkişafı” mövzusunda təqdimatla çıxış edəcəkdir.
Krım Muxtar Vilayətinin kurortlar və turizm naziri Aleksandr Liyevin sözlərinə görə, Qara dəniz regionu müasir dünyanın böyük turizm potensialına malik ən əhəmiyyətli geosiyasi mərkəzlərindən biridir. Nazir demişdir: “Qara dəniz regionunun turistlərə daha cəlbedici olması üçün Qara dənizin vahid turizm məkanı kimi inkişaf etdirilməsində bütün ölkələrin səylərini birləşdirmək lazımdır”
AZƏRTAC-ın xəbər verdiyi kimi, fevralın 25-27-də “Yalta-İnturist” mehmanxana kompleksində XXIII Beynəlxalq “Krım. Kurortlar. Turizm. 2014” yarmarkası keçiriləcəkdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev