Kür və Araz çaylarında suyun əsas çirkləndiricilərin miqdarı normadan dəfələrlə artıqdır
Bakı, 15 dekabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə dekabr ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, dekabr ayının I ongünlüyündə Kür çayında suyun sərfi noyabr ayının III ongünlüyünə nisbətən 5 kubmetr/saniyə azalaraq 102 kubmetr/saniyə təşkil etmişdir. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 3, mis birləşmələri 4, Ağstafaçay məntəqəsində fenollar 2, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 2 dəfə yol YVQH-ni keçmişdir.
Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 17,9 kubmetr/saniyə olmuşdur. Belə ki, Horadiz məntəqəsində fenollar 4, mis birləşmələri 2, I Şahsevən məntəqəsində fenollar 3, mis birləşmələri 2, Bəhramtəpə məntəqəsində fenollar 3, mis birləşmələri 4 dəfə normadan artıq olmuşdur.
Suyun oksigen rejimi bütün məntəqələrdə sanitar norma daxilində dəyişmişdir.