LAÇINLI ŞAGİRDLƏR 15 SENTYABR - BİLİK GÜNÜNÜ YENİ MƏKTƏBDƏ QARŞILADILAR
AZƏRTAC xəbər verir ki, 15 sentyabr - Bilik günündə Bakının Binə qəsəbəsində 46 nömrəli Laçın köçkün məktəbi istifadəyə verilmişdir.
ABŞ Avropa Komandanlığı və ABŞ səfirliyinin Müdafiə Əməkdaşlığı İdarəsi tərəfindən inşa edilmiş yeni məktəb binasının təntənəli açılış mərasimində Birləşmiş Ştatların Azərbaycandakı səfiri Ann Ders bildirmişdir ki, yeni mebel dəstləri və avadanlıqla təchiz edilmiş bu təhsil ocağında 260 şagird təhsil alacaqdır. Amerikalıların və azərbaycanlıların burada birlikdə gördükləri iş hər iki xalqın ənənələrinə uyğundur.
Səfir vurğulamışdır ki, bu məktəb ABŞ və Azərbaycan xalqlarının gündən-günə güclənən dostluğuna daha bir töhfədir. ABŞ Avropa Komandanlığı və ABŞ səfirliyinin Müdafiə Əməkdaşlığı İdarəsi tərəfindən son illər Azərbaycanda 14 məktəb binası inşa edilmişdir. Bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcəkdir.
ABŞ Avropa Komandanlığının Maddi Texniki Təchizat və Təhlükəsizlik üzrə Yardım Departamenti rəisinin müavini Robert Mur demişdir ki, ABŞ Azərbaycana təhlükəsizlik proqramlarına qoşulduğu və bu sahədə birgə fəaliyyət göstərdiyi üçün təşəkkürünü bildirir. Hər iki dövlət bizim üçün, uşaqlarımız üçün çox böyük əhəmiyyət daşıyan təhlükəsizliyi birgə qoruyur. Qarşılıqlı əməkdaşlıq sayəsində inşa edilən bu məktəb binası uşaqların daha yaxşı təhsil almasına kömək edəcəkdir.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ermənistanın hərbi təcavüzü nəticəsində yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın sosial-məişət problemlərinin həlli istiqamətində həyata keçirilmiş tədbirlərdən danışmış, bundan sonra da məcburi köçkün şagirdlər üçün yeni məktəb binalarının inşa ediləcəyini vurğulamışdır. Qeyd etmişdir ki, son zamanlar yeni dərs ilinin ilk günündə ABŞ-ın Avropa Komandanlığı azərbaycanlı şagirdlərə yeni məktəb binası hədiyyə etməsi ənənə halını almışdır. Biz bu diqqət və qayğıya görə ABŞ hökumətinə minnətdarlığımızı bildiririk.
Məktəblilər qonaqları ingilis və Azərbaycan dillərində söylədilkəri şeirlərlə salamlamışlar.
Rəmzi açılışı bildirən qırmızı lent kəsildikdən sonra qonaqlar məktəblə yaxından tanış olmuşlar. Bildirilmişdir ki, 14 sinif otağından ibarət məktəbin ümumi ərazisi 814 kvadratmetrdir.
######
