LƏNKƏRANDA CƏNUB BÖLGƏSİNİN RUS DİLİ MÜƏLLİMLƏRİ ÜÇÜN TƏLİM MƏŞĞƏLƏLƏRİ KEÇİRİLİR
Lənkəran, 25 sentyabr (AZƏRTAC). Lənkəran Dövlət Universitetinin yeni tədris korpusunda cənub bölgəsinin 7 rayonunun - Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının rus dili müəllimləri üçün təlim məşğələləri keçirilir.
Rusiyanın Azərbaycandakı səfirliyinin və Təhsil Nazirliyinin təşəbbüsü, Rusiya Federal Agentliyinin maliyyə dəstəyi, “Rossotrudniçestvo”-nın Azərbaycan nümayəndəliyinin və Rusiya-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə LDU-nun rektoru, professor Asəf İsgəndərov çıxış edərək seminar-treninqin təşkilatçılarına minnətdarlığını bildirmiş, son illər ölkəmizdə təhsil sahəsində aparılan islahatların bu sahənin inkişafında əhəmiyyətli rol oynadığını vurğulamış, bu cür tədbirlərin rayonun ümumtəhsil və ali məktəblərində rus dili fənninin tədrisinə öz müsbət təsirini göstərəcəyinə əminliyini ifadə etmişdir.
Təlim məşğələsində çıxış edən Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi, filologiya elmləri doktoru, professor Ənvər Şeyxov iki gün davam edəcək təlim məşğələlərində cənub bölgəsinin ali və ümumtəhsil məktəblərində rus dilini tədris edən müəllimlərə metodiki kömək göstəriləcəyini və qarşılıqlı təcrübə mübadiləsi aparılacağını bildirmiş, tədbirin yüksək səviyyədə keçirilməsinə göstərilən dəstəyə görə Milli Məclisin deputatları Elmira Axundovaya və Hadı Rəcəbliyə, Təhsil Nazirliyinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin və LDU-nun rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Tədbirin birinci günü rus dilinin tədrisində aktual məsələlərə həsr olunmuş “dəyirmi masa”da A.S.Puşkin adına Moskva Dövlət Rus Dili Universitetinin kafedra müdiri Vladimir Annuşkin, Sankt-Peterburq konservatoriyasının professoru, “Zlatoust” nəşriyyatının nümayəndəsi Tamara Raket, “Rus dili.Kurslar” nəşriyyatının redaksiya müdiri Nataliya Kozina, Moskva Dövlət Pedaqoji Universitetinin dosenti İrina Avdeyeva və Cankt-Peterburq Konservatoriyasının professoru Gennadi Malışev çıxış edərək müasir mərhələdə rus dili fənninin tədrisi metodikasının əsas istiqamətləri barədə iştirakçılara məlumat vermişlər.
“Dəyirmi masa”da çıxış edən bölgənin rus dili müəllimləri bu fənnin tədrisində qazandıqları təcrübədən və üzləşdikləri çətinliklərdən danışmış, rus dilinin metodikasının təkmilləşdirilməsi ilə bağlı təkliflərini bildirmişlər.
Tədbirin sonunda Lənkəran rayonunun ümumtəhsil məktəblərində rus dili fənninə daha mükəmməl yiyələnmiş şagirdlərin bir qrupuna hədiyyələr, LDU-nun rektoru A.İsgəndərova rus yazıçılarının portretləri və rus dilinin tədrisi ilə bağlı yeni dərs vəsaitləri təqdim edilmişdir.
######
