Lənkəranda Milli Qəhrəman Əsgər Əliyevin xatirəsi anılıb
Lənkəran, 18 mart, İlkin Adıyev, AZƏRTAC
Lənkəranda Milli Qəhrəman Əsgər Ələkbər oğlu Əliyevin xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları Milli Qəhrəmanın abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüb, ruhuna ehtiramlarını ifadə ediblər.
Anım mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı, ağsaqqallar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Çıxışlarda bildirilib ki, Ali Ümumqoşun Komandirləri Məktəbinin kursantı olmuş 20 yaşlı Əsgər Əliyevin qısa, lakin şərəfli ömür yolu, onun qəhrəmanlığı gənc nəsillərə örnəkdir. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan soydaşlarımızın arasında lənkəranlı gənclərin də olması burada qəhrəmanlıq ənənələrinin layiqincə davam etdirildiyini göstərir.
Qeyd olunub ki, Vətən naminə mübarizədə ölümün gözünə dik baxan hər bir soydaşımızın adı bizim üçün əzizdir. İllər ötsə də, onların qəhrəmanlıqları tariximizdə parlaq nümunə olaraq qalacaq.
Tədbirdə Milli Qəhrəmanın atası Ələkbər Əliyev çıxış edərək ailəsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.