“Lester” klub tarixində ilkə imza atıb
Bakı, 11 aprel, AZƏRTAC
İngiltərə Premyer Liqasının lideri “Lester”in növbəti mövsüm UEFA Çempionlar Liqasında oynayacağı dəqiqləşib.
AZƏRTAC xəbər verir ki, Klaudio Ranyerinin yetirmələri 33-cü turda “Sanderlend” üzərində səfər qələbəsi (2:0) qazanaraq buna nail olub. 33-cü turdan sonra 72 xalla turnir cədvəlinə başçılıq edən “Lester”in mövsümü ilk “dördlükdə” başa vuracağı da artıq rəsmiləşib. Çünki sona beş tur qalmış komanda 5-ci sırada qərarlaşan “Mançester Yunayted”i 19 xal qabaqlayır. Ehtiyatında hələ bir oyun olan Mançester təmsilçisi bundan sonrakı matçlarda qələbə qazansa belə, liderə çata bilməyəcək.
Növbəti turda “Lester” qələbə qazansa və “Mançester Siti” xal itirsə, o zaman Ranyerinin komandası ilk “üçlüy”ü, həmçinin ÇL-in qrup mərhələsində iştirakı təmin edəcək.
Bununla minimum Çempionlar Liqasının pley-off mərhələsində iştirak hüququ qazanan “Lester” klub tarixində ilk dəfə buna nail olub. Sözügedən komandanın tarixi ərzində ən böyük uğuru İngiltərə Liqa Kubokunu (1964, 1997, 2000) və İngiltərə Superkubokunu (1971) qazanmaq olub.