“LUÇ” MƏDƏNİYYƏT XADİMLƏRİ ASSOSİASİYASININ YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Bakı, 21 fevral (AZƏRTAC). Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Luç” Mədəniyyət Assosiasiyasının yaradılmasının 5 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Bu yaradıcı təşkilat özündə yazıçıları, rəssamları, ali və orta məktəb müəllimlərini, ziyalıları birləşdirir. Onların arasında tanınmış gənc yazıçılarla yanaşı, məşhur xalq yazıçıları, əməkdar incəsənət xadimləri də vardır.
Assosiasiyanın sədri filologiya elmləri doktoru, professor Həsən Quliyev tədbirdə ötən beş ildə görülmüş işlər, həyata keçirilmiş tədbirlər barədə məlumat vermişdir. Bildirmişdir ki, assosiasiyanın keçirdiyi beynəlxalq konfrans və seminarlarda ədəbiyyatın, dilin, tarixin və mədəniyyətin bir sıra aktual problemləri müzakirə olunmuşdur. Nəsr və poeziya nümunələrinin yer aldığı 9 antologiya nəşr olunmuşdur.
Azərbaycan yazıçılar birliyinin sədri, xalq yazıçısı Anar, Milli Məclisin deputatları - Azərbaycanda rus icmasının sədri Mixail Zabelin, yazıçı-publisist Elmira Axundova, xalq yazıçısı Çingiz Abdullayev, tanınmış yazıçı Natiq Rəsulzadə və başqaları yubilyarı təbrik üçün tədbirə gəlmişdilər.
Anar bildirmişdir ki, Azərbaycan beynəlmiləl ölkədir. Burada bütün xalqların nümayəndələrinə xüsusi hörmət göstərilir. Azərbaycan rus dilinə və ədəbiyyatına böyük hörməti ilə də postsovet məkanındakı ölkələrdən fərqlənir. Təkcə bunu demək kifayətdir ki, bizim yazıçılar birliyində xeyli sayda rusdilli yazıçılar vardır.