DÜNYA
Makron hökumətinin qənaət siyasəti səmərə vermir
Paris, 3 sentyabr, AZƏRTAC
Bu il Fransada dövlət büdcəsinin kəsirləri ÜDM-in ehtimal olunan 5,1 faizinə deyil, 5,6 faizinə çatacaq. 2025-ci ildə isə bu rəqəmin 6,2 faiz olacağı gözlənilir.
Fransa Milli Assambleyasının maliyyə komitəsinin sədri hesab edir ki, mövcud vəziyyət dövlətin qənaət siyasətinin işləmədiyini göstərir. “Bu qənaət siyasəti işləmir və problemi yalnız daha da dərinləşdirir”, - deyə komitə sədri E. Kokörel istefa vermiş hökumətin proqramının səmərəsizliyinə işarə edib.
"Rəqəmlər danılmazdır, lakin biz onları dəyişdirə bilərik",- deyə maliyyə komitəsinin sədri Emmanuel Makronun yeritdiyi siyasətin səxavətindən faydalananların hamısının vergiyə cəlb edilməsini dəstəkləyib. Bildirib ki, xaricdən daha çox kapital cəlb etməkdənsə, maaşların artırılmasını təşviq etmək, eləcə də Yeni Xalq Cəbhəsi proqramının əsas məqamlarından birinin - sərvətin daha ədalətli yenidən bölüşdürülməsi modelinin tətbiqi daha yaxşı olardı.
Ölkənin maliyyə qanunu layihəsinin hazırlanması üçün zəruri olan bəzi sənədlərin təqdim edilməsi qrafikdən geri qaldığı üçün büdcənin oktyabrın 1-də təsdiqlənməsi ehtimalı azdır. 2025-ci ilin dövlət büdcəsinə baxılması yeni Baş naziri gözləyir.
Xatırladaq ki, Fransanın dövlət borcu 3 159,7 milyard avrodur. Bu il iyunun 19-da Avropa İttifaqı Fransa da daxil olmaqla, 7 üzv ölkəyə qarşı həddindən artıq büdcə kəsiri ilə bağlı prosedurlara başlamağa yol açıb. Bu dövlətlər Aİ-nin büdcə qaydalarına əməl etmək üçün lazımi tədbirlər görməlidir.