MASALLI RAYONU BÖYÜK İQTİSADİ POTENSİALA MALİKDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu fikir fevralın 21-də Masallı Rayon İcra Hakimiyyətində 2007-ci ilin yekunlarına və 2008-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında səslənmişdir.
Tədbir iştirakçıları əvvəlcə şəhərin Heydər Əliyev parkında ümummilli liderimizin abidəsinin önünə gül dəstələri düzərək böyük öndərin xatirəsini ehtiramla yad etmiş, parkda inşa edilmiş Heydər Əliyev muzeyində dahi rəhbərin mənalı ömür yolunu əks etdirən eksponatlarla tanış olmuşlar.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev yığıncaqda hesabat məruzəsi ilə çıxış etmişdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının 4 illik yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələri diqqətə çatdıran Q.Ağayev, Masallı rayonunun böyük iqtisadi potensiala malik olduğunu və bu potensialdan səmərəli istifadə etməklə rayonda sosial-iqtisadi inkişafın yüksələn xətlə inkişafına nail olmağın, sosial problemlərin həllini sürətləndirməyin prioritet vəzifə kimi qarşıda durduğunu bildirmişdir.
2007-ci ildə rayonda ümumi daxili məhsul istehsalının və əhaliyə göstərilən xidmətlərin həcminin əvvəlki illə müqayisədə 30,6 faiz artdığını diqqətə çatdıran məruzəçi 2842 yeni iş yerinin açıldığını, adambaşına düşən pul gəlirlərinin 20 faiz, orta aylıq əmək haqqının 41,4 faiz artdığını da vurğulamışdır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin Masallıda da uğurla həyata keçirildiyini bildirən natiq 2007-ci ildə şəhərdə ümummilli liderimiz Heydər Əliyev xatirə parkının, Heydər Əliyev muzeyinin, olimpiya idman kompleksinin inşa edildiyini, akademik Zərifə Əliyeva adına parkın salınmasına başlandığını, yeni salınmış Xətai parkında görkəmli sərkərdənin abidəsinin qoyulduğunu, “Şəhidlər” abidə-kompleksinin, 70 saylı Masallı şəhər, 71 saylı Masallı kənd seçki dairələri dairə seçki komissiyaları, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsi üçün inzibati binaların, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 32 mənzilli yaşayış binasının, şəhərin köhnə bazar hissəsində ticarət mərkəzinin tikildiyini, Heydər Əliyev Fondunun dəstəyi ilə Yeddioymaq kəndində 400 yerlik yeni məktəbin, dövlət vəsaiti hesabına 220 yerlik “Dəfinə” liseyinin, şəhərdə 9 mərtəbəli evin inşasına başlandığını diqqətə çatdırmışdır.
Yığıncaqda çıxış edənlər ötən il rayonun sosial-iqtisadi inkafında qazanılmış uğurlarla yanaşı, işdə yol verilmiş nöqsanları da ətraflı təhlil etmiş, mövcud problemlərin aradan qaldırılması ilə bağlı təkliflərini söyləmiş, bu il ölkəmizdə keçiriləcək Prezident seçkilərində masallılı seçicilərin İlham Əliyevə səs verəcəklərini bildirmişlər.
Hesabat yığıncağında fövqəladə hallar naziri Kəmaləddin Heydərov çıxış edərək Masallı rayonunda aparılan quruculuq işlərini regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu nəticəsi kimi qiymətləndirmiş, “Bakı-Ceyhan” neft kəmərinin çəkilişinə əfsanə kimi baxanların yanıldığını, indi bu xətlə dünyanın bir çox ölkələrinə neft məhsulları daşıyan gəmilərin arasında “Masallı” gəmisinin də olduğunu vurğulamışdır.
Müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul edilmişdir.
Təbdir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.
Yığıncaqda Prezidentin İcra Aparatının məsul əməkdaşı Mikayıl Hüseynov, Milli Məclisin deputatları Əhəd Abıyev və Elmira Axundova iştirak etmişlər.