MASALLIDA 2008-Cİ İLİN YEKUNLARINA HƏSR OLUNMUŞ HESABAT YIĞINCAĞI KEÇİRİLMİŞDİR
Masallı, 25 yanvar (AZƏRTAC). Rayon icra hakimiyyətində 2008-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə şəhərin Heydər Əliyev parkında ümummilli liderimizin abidəsinin önünə gül dəstələri düzərək ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
Toplantıda hesabat məruzəsi ilə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçıçı Qəzənfər Ağayev bildirmişdir ki, 2008-ci ildə rayonda ümumi məhsul istehsalı və əhaliyə göstərilən xidmətlərin həcmi əvvəlki illə müqayisədə 9,6 faiz artmışdır. Bu artım kənd təsərrüfatında 20,8 faiz, sənayedə 9,3 faiz təşkil etmişdir. Rayon üzrə orta aylıq əmək haqqı 41 faiz, adambaşına düşən pul gəlirləri 11 faiz artmışdır.
Hesabat dövründə rayonda 2.467 yeni iş yeri açılmışdır ki, bunun da 1.598-i daimidir.
Ötən il rayonda 16 min 650 ton taxıl, 68 min 669 ton tərəvəz, 34 min 666 ton kartof, 11 min 393 ton bostan məhsulları, 4.522 ton ət, 44 min 135 ton süd, 42,8 milyon ədəd yumurta istehsal edilmiş, Bakı şəhərində təşkil edilmiş yarmarkalarda paytaxt sakinlərinə 300 tondan artıq kənd təsərrüfatı məhsulları satılmışdır.
Qeyd olunmuşdur ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında Masallı rayonu üzrə nəzərdə tutulan tədbirlərin icrası nəticəsində rayonun sosial infrastrukturu xeyli yaxşılaşmışdır. 2008-ci ildə Masallı şəhərinə, Təzə Alvadı, Həsənli, Xırmandalı, Ərəb, Yusifli və Qızlağac kəndlərinə içməli su xətləri çəkilmiş, 7 elektron tipli ATS binası, vergi terminalı, şəhərdə 3 mebel mağazası, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 32 mənzilli yaşayış binası, DSMF Masallı rayon şöbəsi üçün inzibati bina, “Qala bazarı”nın meyvə-tərəvəz bölməsi, 8 məktəb binası tikilərək istifadəyə verilmiş, rayonda fəaliyyət göstərən “Dirçəliş” MTK-nın inşa etdiyi 9 mərtəbəli 28 mənzilli yaşayış binasının tikintisi başa çatdırılmış, rayonlararası ağ ciyər xəstəlikləri dispanserinin binası əsaslı təmir edilmiş, Şah İsmayıl Xətainin abidəsinin ucaldığı parkda bərpa işləri aparılmış, 12,5 kilometr daxili yollara asfalt döşənmiş, Ələt-Astara magistral yolunun Masallı rayonu ərazisində əsaslı təmir işləri aparılmış, şəhərin Heydər Əliyev prospekti, Dadva, Füzuli, Talışxanov, C.Cabbarlı və Qarabağ küçələrinə əlavə qaz xətləri çəkilmiş, 15 turizm və xidmət müəssisəsi Mədəniyyət və Turizm Nazirliyinin lisenziyasını almışdır.
Hesabat yığıncağında çıxış edənlər 2008-ci ildə rayonun sosial-iqtisadi inkişafı sahəsində qazanılmış uğurlarla yanaşı, mövcud problemləri də ətraflı təhlil etmiş, onların aradan qaldırlması məqsədilə təkliflərini bildirmişlər.
Toplantıda Milli Məclisin deputatları Elmira Axundova və Əhəd Abıyev çıxış edərək, 2008-ci ildə Milli Məclisdə qəbul edilmiş qanunlar və seçici tapşırıqlarının icrası istiqamətində görülmüş işlər barədə iştirakçılara məlumat vermişlər.
Prezidentin İcra Aparatı regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Mikayıl Hüseynov tədbirdə şıxış etmişdir.
Yığıncaqda müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul edilmişdir.
Tədbirin sonunda Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.