MASALLIDA 2009-CU İLDƏ SOSİAL-İQTİSADİ SAHƏDƏ UĞURLU NƏTİCƏLƏR QAZANILMIŞDIR
Masallı, 11 fevral (AZƏRTAC). Masallı Rayon İcra Hakimiyyətində 2009-cu ildə rayonun sosial-iqtisadi inkişafın yekunlarına və 2010-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə şəhərin Heydər Əliyev Parkında ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirmişdir ki, 2009-cu ildə rayonda sosial-iqtisadi inkişaf sahəsində müəyyən uğurlar qazanılmış, regionların sosial-iqtisadi inkişafı Dövlət Proaqramında nəzərdə tutulan tədbirlərin icrası istiqamətində bir sıra layihələr həyata keçirilmişdir.
Rayonda ümumi məhsul istehsalı və əhaliyə göstərilən xidmətlərin həcmi əvvəlki il ilə müqayəsədə 8,9 faiz artmışdır. Bu artım sənayedə 15,1 faiz, kənd təsərrüfatında 38, 8 faiz, ticarət xidmətində 21,7 faiz, nəqliyyatda 5 faiz, tikintidə 6 faiz təşkil etmişdir.
Ötən il rayonda 2 min 34 yeni iş yeri açılmış, işçilərin orta aylıq əmək haqqı artaraq 191 manata çatmışdır.
İri buynuzlu mal-qaranın sayı 67 min 757 başa, davarlarların sayı 74 min 617 başa çatdırılmış, hesabat ilində 4 min 549 ton ət, 14 min 184 ton süd, 42 milyon 890 min ədəd yumurta, 98 ton yun istehsal edilmişdir. Rayonun fermerləri və torpaq mülkiyyətçiləri istehsal etdikləri 31 min 836 ton müxtəlif növ kənd təsərrüfatı məhsullarını Bakı şəhərində keçirilən yarmarkalarda satışa çıxarmışlar.
Qeyd olunmuşdur ki, sosial məsələlərin həllinə də diqqət artırılmış, bir sıra yeni obyektlər tikilərək istifadəyə verilmişdir.Ümumi sahəsi 17 min 138 kvadratmetr olan yaşayış evləri tikilmiş, şəhərin daxili yollarına 2,9 kilometr ərazidə asfalt döşənmiş, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası, “Bank Respublika”nın Masallı rayon filialı üçün inzibati binalar, Köhnə Alvadı kəndində 1536 nömrə tutumu olan elktron tipli yeni Avtomat-Telefon Stansiyası tikilərək istifadəyə verilmişdir. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi və “Beynəlxalq Bank”ın rayon filialı üçün inşa edilən inzibati binaların tikintisində tamamlama işləri görülür.
Güllütəpə kəndində torpaq sürüşməsindən zərər çəkmiş ailələr üçün 11 ev tikilib verilmiş, güclü yağışlardan ziyan çəkənlərdən ötrü isə 57 fərdi evin tikintisinə başlanmışdır.
Yeyənkənd kəndində 520, Banbaşı kəndində 480, Sığdaş kəndində 480, Babaser kəndində 220, Hişkədərə kəndində 360 yerlik yeni məktəb binaları istifadəyə verilmişdir. Hazırda 640 yerlik Digah və 480 yerlik Bədirli kənd orta məktəbləri üçün yeni binalar tikilir.
Ötən il rayonda yerli iş adamlarının vəsaiti və daxili imkanlar hesabına 4 kitabxana binası, 2 klub və 2 mədəniyyət evi inşa edilmiş, daxili yollar təmir edilmiş, şəhər, qəsəbə və kəndlərdə tikinti və abadlıq işləri davam etdirilmişdir.
Hesabat yığıncağında çıxış edənlər 2009-cu ildə sosial-iqtisadi sahədə görülən işlərdən ətraflı söhbət açmış, mövcud problemlərin aradan qaldırılması ilə bağlı təkliflərini bildirmişlər.
Milli Məclisin deputatı Elmira Axundova çıxışında bildirmişdir ki, 2009-cu ildə ölkədə sosial-iqtisadi sahədə qazanılan uğurlarda masallıların da əməyi olmuşdur. Ötən il rayona yağan güclü yağışlar nəticəsində daşqınlar zamanı əhaliyə dəymiş ziyanla bağlı respublikanın yuxarı orqanları qarşısında qaldırılan məsələlər öz müsbət həllini tapmış, qısa müddətdə təbii fəlakətdən ziyan çəkmiş sakinlərə yardımlar edilmiş, evləri yararsız hala düşmüş ailələr üçün isə yeni evlər tikilmişdir.
Parelament Jurnalistlər Birliyi tərəfindən 2009-cu ildə “Seçicilərin hüquqlarını müdafiə edən ən fəal deputat” nominasiyasının qalibi kimi mükafatlandırıldığını vurğulayan E.Axundova ötən il xarici ölkələrdə, MDB Parlament Assambleyasında Milli Məclisi təmsil etdiyini, Naxçıvan Muxtar Respublikasının 85 illiyi ilə əlaqədar Moskva şəhərində keçirilən yubiley tədbirinin iştirakçısı olduğunu, Xocalı soyqırımı ilə əlaqədar Rusiyanın paytaxtında keçiriləcək tədbirdə çıxış etmək üçün Heydər Əliyev Fondunun Moskva nümayəndəliyindən dəvət aldığını diqqətə çatdırmışdır.
Prezident Administrasiyasının məsul əməkdaşı Mikayıl Hüseynov və Milli Məclisin deputatı Əhəd Abıyev çıxışlarında ölkədə sosial-iqtisadi sahədə və xarici siyasətdə qazanılmış uğurlardan danışmış, Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 18-də Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələri diqqətə çatdırmışlar.