CƏMİYYƏT
Masallıda heyvanların identikləşdirilməsi mövzusunda görüş keçirilib


Bakı, 12 mart, AZƏRTAC
Masallı rayonunda yerləşən heyvandarlıq təsərrüfatlarının sahibləri və fermerlərlə heyvanların identikləşdirilməsi mövzusunda görüş keçirilib.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə yerli icra hakimiyyətinin rəhbər şəxsləri, bələdiyyələr, yerlərdə icra nümayəndələri və yerli qurumların rəhbərləri iştirak ediblər.
Tədbirdə “Heyvanların İdentifikasiyası və Qeydiyyat Sistemi” barədə geniş məlumat verilib, heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinə nəzarətin həyata keçirilməsi, heyvan və heyvan mənşəli məhsulların izlənməsi zamanı heyvanların identifikasiya olunmasının zəruriliyi izah olunub.
İdentifikasiya məlumatları olmayan iribuynuzlu heyvanların və atların, habelə baytarlıq sənədləri olmayan heyvanların heyvan bazarı ərazisinə daxil olmasına icazə verilməməsi tələbi diqqətə çatdırılıb.