MASALLIDA RUS DİLİ MÜƏLLİMLƏRİ ÜÇÜN KEÇİRİLƏN TƏLİM KURSU BAŞA ÇATMIŞDIR
Masallı, 17 iyul (AZƏRTAC). Masallı şəhərinin Heydər Əliyev muzeyində rayonun rus dili müəllimləri üçün keçirilən üçgünlük təlim kursu başa çatmışdır.
Milli Məclisin deputatı Elmira Axundovanın təşəbbüsü, “Rossotrudniçestvo”nun Azərbaycan nümayəndəliyinin, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin və Rusiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən təlim məşğələlərində Rusiya Xalqlar Dostluğu Universitetinin rus dili və ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri namizədi, Vladimir Sinyaçkin rus dilinin tədrisinin metodikasının əsas istiqamətləri barədə mühazirə oxumuşdur.
Kursu müvəffəqiyyətlə bitirən 30 nəfər rus dili müəlliminə sertifikatlar təqdim etmişlər.
Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Ənvər Şeyxov bildirmişdir ki, bu ilin mayında rayonun rus dili müəllimləri üçün keçirilən təlim kursunda verilən təkliflər nəzərə alınaraq, Masallı rayonundan olan iki şagird iyulun 28-də Rusiyanın mədəniyyəti ilə daha yaxından tanış olmaq məqsədi ilə Sant-Peterburq şəhərinə 10 günlük turist səfərinə gedəcək qrupa daxil edilmişdir. İki nəfər rus dili müəllimi isə avqustda Moskva şəhərinə təkmilləşdirmə kursuna göndəriləcəkdir. Rus dili müəllimlərinin verdikləri təkliflər nəzərə alınaraq rus dilini mükəmməl bilən iki nəfər əlaçı şagird 2010-cu ildə Rusiyanın ali məktəblərində təhsillərini pulsuz davam etdirəcəklər.
Bu ilin payızında isə Lənkəran şəhərində cənub bölgəsinin rus dili müəllimləri üçün təlim kurslarının keçirilməsi nəzərdə tutulur.